Hava limanında taksi qiymətləri niyə "uçur"? – Səbəblər açıqlandı
Bir müddətdir ki, hava limanına gedən və hava limanından şəhərə qayıdan taksilərin qiymətləri arasında kəskin fərq müşahidə olunur. Belə ki, hava limanına gedən istiqamətdə gediş haqqı nisbətən aşağı olsa da, hava limanından şəhərə qayıdan zaman taksi qiymətləri xeyli yüksək olur. Bəzi hallarda eyni məsafə üçün tətbiq olunan tariflər arasında ciddi fərq yaranır. Bu vəziyyət sərnişinlərin narazılığına səbəb olur və qiymət fərqinin hansı amillərlə bağlı olduğu sualını gündəmə gətirir.
Mövzu ilə bağlı mütəxəssislər Crossmedia.az-a açıqlama verib.
REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bu məsələni taksi xidmətinin qoyduğu qəribə və lazımsız qaydaların olması ilə əlaqələndirib:

"Hava limanına istənilən taksi gedə bilər. Şəhərdən istənilən sərnişin apara bilər. Ancaq hava limanından sərnişin götürə bilməz. Hətta sərnişin götürərkən cəzalar da tətbiq edilir ki, bu da doğru deyil. Bu cür məhdudiyyətlər olduğuna görə, havalimanından şəhərə gəlmək daha bahadır".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, şəhərdən hava limanına doğru hərəkət edən taksilərə tələbat az olduğuna görə qiymət fərqli olur:

"Bu günkü müasir taksi sistemi tələb və təklif əsasında formalaşır. Onun tarifi də belə formalaşır, fiks qiymət də olur. Tələb artdıqca qiymət də dəyişir, yüksəlir, tələb azalanda isə qiymət azalır. Şəhərdən hava limanına doğru hərəkət edən taksilərə tələbat azdır, amma hava limanından çıxışda şəhər istiqamətində tələbat çox ola bilər. Ona görə də orada qiymət dəyişir. Yəni bu gün taksi platformalarının tətbiq etdiyi mexanizm dinamik qiymət mexanizmidir və bu sistemdə tariflər yalnız məsafəyə əsasən hesablanmır, həm də real vaxt rejimində mövcud bazar şəraitinə əsasən müəyyən olunur. Məsələn, hava limanında eyni vaxtda bir neçə reysin enməsi zamanı taksiyə tələbat daha da artır".
Ekspert qeyd edib ki, tələbat artdıqda və boş avtomobillərin sayı az olduqda sistem qiyməti avtomatik olaraq yüksəldə bilir.
Fatimə Məmmədova
15:00 02.07.2026
Oxunuş sayı: 74