Azərbaycan vətəndaşları Rusiyaya səfərdən əvvəl giriş niyyətini əvvəlcədən bildirməlidirlər
Rusiyada iyulun 1-dən vizasız rejimlə ölkəyə daxil olan əcnəbilər üçün yeni giriş qaydaları qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları da Rusiyaya səfər etməzdən əvvəl giriş niyyətini elektron qaydada əvvəlcədən bəyan etməlidirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin tətbiq etdiyi yeni qaydalarla bağlı məlumat yayılıb.
Yeni tələblərə əsasən, vizasız rejimdən istifadə edən xarici vətəndaşlar "Gosuslugi RuID" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçməli və Rusiyaya giriş üçün müraciəti səfərdən ən geci 72 saat, ən tez isə 90 gün əvvəl təqdim etməlidirlər. Təcili hallarda – yaxın qohumun ağır xəstəliyi, ölümü və ya təxirəsalınmaz müalicə zərurəti olduqda – müraciəti sərhədi keçməzdən ən azı 4 saat əvvəl göndərmək mümkündür.
Qeyd olunur ki, yeni sistem vizasız giriş rejimini ləğv etmir, lakin sərhəd nəzarəti üçün əvvəlcədən elektron qeydiyyatı məcburi edir. Məqsəd xarici vətəndaşların rəqəmsal profilinin yaradılması və sərhəd təhlükəsizliyinin gücləndirilməsidir.
16:18 01.07.2026
Oxunuş sayı: 41