TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ: Bu ixtisasları seçənləri iş və imtahansız keçid imkanı gözləyir
Azərbaycanda peşə təhsilinin əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması istiqamətində növbəti addım atılıb. Belə ki, “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na edilən dəyişikliklə Tədbirlərin planlaşdırılması və təşkili, Satış və marketinq, Satınalmaların təşkili, Mexatronika, İstehsalata rəqəmsal nəzarət sistemləri, Rəqəmsal məzmun idarəçiliyi, 3D rəqəmsal oyun dizayneri, Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik, Geodeziya və kartoqrafiya, Qida emalı texnologiyaları, Rəqəmsal inşaat üzrə mütəxəssis və Elektrik sayğacları texniki kimi yeni ixtisaslar yaradılıb. Dəyişikliklər müxtəlif sahələr üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsi və əmək bazarının tələbatının qarşılanmasına xidmət edir. Bununla yanaşı, yeni ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil alan hər bir tələbəyə düşən illik təhsil xərclərinin məbləği də müəyyənləşdirilib. Müvafiq dəyişiklik Baş nazir Əli Əsədovun imzaladığı qərarla təsdiqlənib.
Təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlamasında bildirib ki, peşə təhsili üzrə təsnifata əlavə edilən yeni ixtisaslar əmək bazarının tələbatına uyğun müəyyənləşdirilib:

"Hazırda bu ixtisaslar üzrə əmək bazarında peşəkar kadrlara ehtiyac var. Gələcəkdə həmin istiqamətlər üzrə subbakalavr təhsili də təşkil oluna bilər. Bu halda məzunlar təhsillərini ali təhsil müəssisələrində davam etdirmək imkanı əldə edəcəklər. Bu da onu göstərir ki, əmək bazarında həmin ixtisaslara ciddi tələbat mövcuddur".
Ekspertin sözlərinə görə, bu ixtisaslar üzrə təhsil alan şəxslərin gələcəkdə iş tapmaq imkanları yüksək olacaq. O qeyd edib ki, həmin istiqamətlər üzrə subbakalavr təhsili tətbiq edilərsə, məzunlar qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrinə imtahansız keçid imkanından da yararlana biləcəklər .
Fatimə Məmmədova
17:00 01.07.2026
Oxunuş sayı: 51