Aİ Ukrayna qaçqınları üçün müvəqqəti müdafiəni 2028-ci ilə qədər uzatmağı təklif edib
Avropa Komissiyası Ukrayna qaçqınları üçün müvəqqəti müdafiə statusunun 2028-ci ilin martına qədər uzadılmasını təklif edib, lakin bu rejimə mühüm dəyişikliklər daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə The European Commission məlumat yayıb.
Təklifə əsasən, Ukraynada hərbi vəziyyət və səfərbərlik qaydaları səbəbindən ölkəni qanuni şəkildə tərk edə bilməyən 23–60 yaş arası kişilər müvəqqəti müdafiə statusundan istisna edilə bilər.
Qeyd olunur ki, bu addım Ukraynanın müdafiə ehtiyaclarını nəzərə almaq və silahlı qüvvələrdə mövcud çatışmazlığı azaltmaq məqsədi daşıyır. Lakin qərarın geriyə şamil olunmayacağı bildirilir. Yəni artıq Aİ ölkələrində müvəqqəti müdafiə statusu alan Ukrayna vətəndaşları bu hüququ itirməyəcək.
Təklifin qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv ölkələrin ixtisaslı səs çoxluğu ilə təsdiqi tələb olunur.
Bununla paralel olaraq, Danimarka hərbi yaşda olan Ukrayna vətəndaşlarına yalnız hərbi xidmətdən qanuni şəkildə azad olduqlarını sübut etdikləri halda yaşayış icazəsi verəcəyini açıqlayıb.
Avropa Komissiyası həmçinin Ukrayna qaçqınları üçün könüllü geri dönüş proqramının yaradılmasını da təklif edib.
00:27 02.07.2026
Oxunuş sayı: 38