Müqavilələrə əməl edilməlidir: Rusiya Qərbə öz mövqelərini xatırlatdı
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Moskvanın danışıqlardakı mövqelərini bir daha açıqlayıb.
Crossmedia.az bu barədə ˝TASS˝agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, Rusiya tərəfi İstanbul razılaşmaları, Alyaska (Ankoric) formatında müzakirə olunan prinsiplər, yerindəki reallıqlar və 2024-cü ilin iyununda Xarici İşlər Nazirliyində səsləndirilən yanaşmalar əsasında danışıqları davam etdirməyi təklif edir.
Moskvanın şərtləri arasında Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrindən çıxarılması, Ukraynanın neytral və nüvəsiz statusu, demilitarizasiya və denazifikasiya, rusdilli əhalinin hüquqlarının təmin olunması və Qərb sanksiyalarının ləğvi kimi məsələlər yer alır.
Rusiya tərəfi bu mövqelərin sabit və ardıcıl olduğunu bildirərək, bəzi Qərb ölkələrinin yanaşmalarının isə tez-tez dəyişdiyini iddia edir.
Eyni zamanda, Rusiya mediasında yayılan analitik materiallarda ABŞ və Avropanın Ukrayna siyasətində vahid mövqe nümayiş etdirmədiyi, müxtəlif siyasi bəyanatların isə real dəyişiklikləri əks etdirmədiyi qeyd olunur.
Məqalədə həmçinin ABŞ-nin Ukrayna siyasətinin qeyri-müəyyən olduğu, rəsmi Vaşinqtonun isə konkret yekun razılaşma təqdim etmədiyi iddia edilir. ABŞ-nin strateji qeyri-müəyyənlik siyasəti apardığı və açıq öhdəliklərdən yayınmağa çalışdığı bildirilir.
Rusiya tərəfi isə Ukraynadakı vəziyyətdə yerində irəliləyişlərin davam etdiyini, Donetsk istiqamətində və digər bölgələrdə əməliyyatların genişləndiyini iddia edir.
Məqalədə həmçinin Ukraynanın hərbi və iqtisadi çətinliklərlə üzləşdiyi, enerji və maliyyə sistemində problemlərin olduğu, Qərbin dəstəyinə baxmayaraq vəziyyətin ağırlaşdığı qeyd olunur.
Sonda vurğulanır ki, Moskva danışıqlara açıq olduğunu, lakin öz əsas tələblərindən geri çəkilməyəcəyini bildirir.
01:06 01.07.2026
Oxunuş sayı: 52