Nazir: Biz müəllimin səhər müəllim, günorta repititor olmasını istəmirik
Tamştatlı müəllim modelinin tətbiqi saat hesabı ilə çalışan müəllimlərin işdən azad edilməsi demək deyil.
Bunu ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev Crossmedia.az-a açıqlamasında bildirib:
Nazir əlavə edib ki, ali təhsil müəssisələrində də tamştatlı müəllimlər fəaliyyət göstərirlər, bu model də eyni məntiqə əsaslanır: “Tamştatlı müəllimin əsas fəaliyyəti yalnız müəllimlik olmalıdır, yəni onun başqa işi olmamalıdır. Repititor isə müəyyən məqsəd üçün, əsasən də şagirdi ali təhsil müəssisəsinə hazırlayan müəllimdir. Bu, öz-özlüyündə pis bir fəaliyyət deyil və mən buna qarşı deyiləm. Lakin əsas sual budur: biz istəyirikmi ki, müəllimimiz səhər məktəbdə müəllim, günorta isə repititor olsun? Cavabımız xeyrdir. Müəllim müəllim olmalıdır, repititor isə repititor.
E.Əmrullayev bildirib ki, Əsas məsələ müəllimin məktəbdə repititorluq edib özünə bazar formalaşdırmamasıdır: “Peşəkar müəllim dərs saatı ərzində tədris proqramını yüksək səviyyədə tədris etməli, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Dərsdən sonra hər hansı valideyn övladını əlavə hazırlıq üçün həmin müəllimin yanına göndərmək istəyirsə, bu, onun seçimidir. Biz isə tam orta təhsil modelində belə bir yanaşma təklif edirik: əgər həm müəllim, həm də valideyn şagirdin ali təhsil müəssisəsinə qəbul olunmasını istəyirsə, müəllimlər birgə fəaliyyət göstərərək şagirdin hazırlığını təmin etməli, bu işi yalnız dərs saatı ilə məhdudlaşdırmamalıdırlar. Bu layihənin həyata keçirilməsi kifayət qədər mürəkkəbdir. Biz müəllimin dərsdənkənar fəaliyyətini də qiymətləndirməyi və bu fəaliyyətə əsasən tamştatlı müəllimlərin əməkhaqqını artırmağı planlaşdırırıq. Dərsdənkənar fəaliyyət dedikdə isə dərslik və metodik vəsaitlərin hazırlanması, eləcə də texniki fənləri tədris edən müəllimlərin laboratoriya işlərinin təşkili və digər peşəkar fəaliyyət istiqamətləri nəzərdə tutulur.
Ayhan
14:25 30.06.2026
Oxunuş sayı: 54