Zelenski Rusiyanın sirlərini ifşa etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Donetsk vilayətini ələ keçirməklə bağlı hədəf tarixlərini artıq 15-ci dəfə dəyişdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Rusiya ordusu genişmiqyaslı müharibə başlayandan bəri Donetsk vilayətinin tam işğalı üçün dəfələrlə son tarix müəyyən etsə də, bu planların heç biri baş tutmayıb.
O qeyd edib ki, 2022-ci ildə Rusiya rəhbərliyi Donetskin işğalı üçün beş müxtəlif tarix müəyyənləşdirib, sonrakı illərdə isə bu tarixlər dəfələrlə yenilənib. Prezident bildirib ki, bu il də əvvəlcə 31 mart, daha sonra 1 sentyabr hədəf kimi göstərilib, hazırda isə yeni son tarix 31 dekabr müəyyən edilib.
Zelenski vurğulayıb ki, Rusiya müharibəni dayandırmasa, bu tarixləri yenidən dəyişməyə məcbur olacaq. O əlavə edib ki, Ukrayna müharibənin dayandırılması üçün bütün mümkün təklifləri irəli sürsə də, Moskva onları hər dəfə rədd edir və döyüş əməliyyatlarını davam etdirmək niyyətində olduğunu nümayiş etdirir.
23:39 29.06.2026
Oxunuş sayı: 54