Azərbaycanla Rusiyanın arasını vurmaq istəyən qüvvələr var
Rusiya mediasında Azərbaycana qarşı qərəzli məzmunlu materialların yayılması son dövrlərdə yenidən diqqət mərkəzinə gəlib. Bu dəfə Rusiyanın federal televiziya kanallarından olan “Rossiya-1”də hazırda Ukraynada Rusiya tərəfdə döyüşən erməni könüllü batalyonu “ArBat” haqqında tərif xarakterli reportaj yayımlanıb. Müşahidəçilər hesab edirlər ki, kanalın son dövrlərdə yayımladığı bir sıra materiallar anti-Azərbaycan ritorikası ilə seçilir və bu, informasiya müstəvisində ölkəmizə qarşı qərəzli yanaşmanın davam etdiyini göstərir. Bu baxımdan sual yaranır: Azərbaycana qarşı bu cür təxribat xarakterli materialların mütəmadi yayımlandığı televiziya kanalına münasibətdə dövlət səviyyəsində hansısa addımlar atılmalıdırmı?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a
açıqlama verib:
Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, 1990-cı illərin əvvəllərində Rusiya öz ərazisində müharibələr aparırdı: “Bu proses 2000-ci illərin əvvəllərinə qədər davam etdi. Dağıstanda, Çeçenistanda, eləcə də Moldovada baş verən hadisələr bunun nümunəsidir.Bu gün isə Rusiya eyni siyasəti qonşu dövlətlərə münasibətdə həyata keçirir. Ukraynada işğalçılıq müharibəsi aparır və digər istiqamətlərdə də təzyiq siyasətini davam etdirir. Lakin Rusiya siyasi elitasının xüsusilə münaqişə yaratmağa çalışdığı coğrafiyalardan biri də Cənubi Qafqazdır. Sadəcə olaraq, bu regionda real hərbi münaqişə aparmaq imkanları məhdud olduğuna görə, informasiya müharibəsinə üstünlük verir. Müxtəlif ölkələri hədəfə alaraq onların suverenliyini təhdid etməyə çalışır. Bu kontekstdə zaman-zaman Azərbaycan da hədəfə çevrilir. Xatırlayıram ki, vaxtilə Qalina Starovoytova demişdi: “Öz ətrafında düşmənlər yaratmaq ağıllı siyasət deyil, amma Rusiya bunu həvəslə edir.” Mənə elə gəlir ki, Rusiyada Azərbaycana qarşı radikal mövqe tutan dairələr iki ölkə arasındakı münasibətlərə zərbə vurmağa çalışırlar. Ancaq bu, doğru yanaşma deyil".

Deputat əlavə edib ki, Rusiya siyasətini müəyyən edən dairələr bu mövqelərinə bir daha yenidən baxmalıdırlar: “Çünki bu siyasət Rusiyanın öz maraqlarına da uyğun deyil. Artıq yeni regional reallıqları qəbul etməyin vaxtı çoxdan çatıb. 2022-ci il fevralın 22-də Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Həmin sənəd bərabərhüquqlu münasibətlərin qurulmasını nəzərdə tutur və artıq bu prinsiplərin praktikada tam şəkildə həyata keçirilməsinin vaxtıdır. Rusiya həmin sənədlə üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər sırasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər, bir-birinin ərazi bütövlüyünün tanınması, mehriban qonşuluq prinsiplərinə əməl olunması və əməkdaşlığın daha da dərinləşdirilməsi xüsusi yer tutur. Hesab edirəm ki, Rusiya bu öhdəliklərə nə qədər tez əməl etsə, həm özü, həm də regionun sabitliyi baxımından bir o qədər faydalı olar”.
Politoloq Tofiq Abbasov bildirib ki, Rusiyanın televiziya kanallarında, mətbuat orqanlarında, həm yazılı, həm də elektron mediada vaxtaşırı Azərbaycana təsir göstərməyə hesablanmış müxtəlif yazılar, materiallar və kontentlərin hazırlanması və yayımlanması bizə yaxşı məlumdur: “Burada söhbət əsasən təxribat xarakterli materiallardan gedir. Onlar ilk növbədə Rusiyanın ictimai rəyində Azərbaycana qarşı mənfi münasibəti gücləndirməyə, anti-Azərbaycan ovqatı formalaşdırmağa və bununla insanların düşüncəsinə təsir göstərməyə çalışırlar. Əlbəttə, burada ilk növbədə erməni lobbisi ilə əlaqəli qüvvələrin fəaliyyəti özünü açıq şəkildə göstərir. Digər tərəfdən, biz bilirik ki, Ermənistanın Rusiya cəmiyyətində kifayət qədər güclü təsir rıçaqları mövcuddur. Hətta indiki Ermənistan hakimiyyəti ilə müxtəlif məsələlərdə fikir ayrılıqları yaşasalar, fərqli mövqelərdə dayansalar belə, Rusiyadakı erməni təşkilatları öz fəaliyyətlərini davam etdirirlər. Məsələn, Rusiyada Erməni İttifaqı fəaliyyət göstərir və onun rəhbəri Ara Abramyandır. Bu qurumun geniş maliyyə və texniki imkanları var. Onlar da vaxtaşırı həmin imkanlardan istifadə edərək Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, ölkəmizi hansısa mənfi qüvvə kimi təqdim etməyə çalışırlar”.

Politoloq bildirib ki, biz bütün bunların fərqindəyik: “Həm media nümayəndələrimiz, həm ideoloji sahədə çalışan ekspertlərimiz, ziyalılarımız və fəallarımız bu prosesləri daim izləyirlər və lazım gəldikdə lazımi cavablarını da verirlər. Amma hesab etmirəm ki, istehsal olunan və yayımlanan hər bir anti-Azərbaycan məzmununa dövlət səviyyəsində reaksiya verilməlidir. Xeyr. Yalnız o hallarda ki, bu materiallar həqiqətən də ölkəmizin milli maraqlarına ciddi təhlükə yaradır, həmin zaman mütləq şəkildə adekvat cavab verilməlidir. Digər tərəfdən, bu istiqamətdə uğurla fəaliyyət göstərən həmkarlarımız var. Onlar bütün bu materialları mütəmadi şəkildə monitorinq edir, eyni zamanda onlara vaxtında və əsaslandırılmış cavablar verirlər. Bu cavablar da kifayət qədər tutarlı olur və bir çox hallarda Rusiyanın media məkanında, eləcə də cəmiyyətində müəyyən rezonans doğurur. Əslində, bütün bunlar informasiya müharibəsinin və ideoloji qarşıdurmanın tərkib hissəsidir. Biz buna artıq öyrəşmişik. Həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra bu cür proseslərin şahidi olmuşuq. Məsələn, Rusiyada Milonov, Zatulin və digərləri kimi şəxslər var ki, Azərbaycan onlara heç bir pislik etmədiyi halda, ölkəmizə qarşı açıq düşmən münasibəti sərgiləyirlər. Onlar erməni lobbisinə xidmət edir, bundan müxtəlif formada fayda əldə etməyə çalışırlar və bəzən elə davranırlar ki, sanki ermənilərdən də artıq ermənidirlər. Amma açığını desəm, bu cür materialların əksəriyyəti çox zəif məzmunlu olur. Onlarda ciddi arqumentlər, əsaslandırılmış faktlar demək olar ki, yoxdur. Çünki Azərbaycanın həyata keçirdiyi dövlət siyasəti, regional siyasəti, sülh gündəliyi və digər istiqamətlər üzrə əldə etdiyi uğurları faktlarla təkzib etmək mümkün deyil”.
T.Abbasov son olaraq əlavə edib ki, bu məsələlərdə
ayıq-sayıq olmalı, diqqətimizi itirməməliyik: “Digər tərəfdən isə, qeyd etdiyim
kimi, ekspertlərimiz, araşdırma mərkəzlərimiz, media nümayəndələrimiz və digər
fəallar bu cür hücumlara vaxtında cavab verir və açıq şəkildə bildirirlər ki,
Azərbaycan belə təxribatlarla heç vaxt barışmayacaq. Qoy danışsınlar,
yazsınlar, müxtəlif videolar çəksinlər, filmlər hazırlasınlar. Nəticədə özləri
də görəcəklər ki, yaydıqları iftiralar əslində zəif siyasətin tərkib hissəsidir.
Güclü siyasət həmişə faktlara, dərin təhlilə və əsaslandırılmış arqumentlərə söykənir. Onların Azərbaycana qarşıfaktlara, dərin təhlilə və əsaslandırılmış arqumentlərə söykənir. Onların Azərbaycana qarşı hazırladıqları yazılarda, videosüjetlərdə və
filmlərdə isə əsasən qondarma faktlar, uydurma arqumentlər təqdim olunur. Ona
görə də bu materialların nə siyasi, nə də mənəvi-psixoloji baxımdan ciddi təsir
gücü yoxdur. Əlbəttə, əgər bu cür fəaliyyətlər hər hansı mərhələdə dövlətçiliyimizə,
milli maraqlarımıza və ya təhlükəsizliyimizə təsir göstərməyə yönələrsə, yaxud
problem yaratmağa cəhd edilərsə, bütün bunlar ən yüksək səviyyədə qiymətləndiriləcək
və zəruri tədbirlər görüləcək. Lazım gəldikdə onlara həm siyasi, həm də
informasiya müstəvisində layiqli cavab veriləcək”.
Ayhan
19:20 29.06.2026
Oxunuş sayı: 127