Avropalı siyasətçinin Cənubi Qafqaz turnesi: Konkret irəliləyişlər olacaq
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun birində Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir. Bu missiya Avropa Komissiyası rəhbərinin Ermənistana səfərindən dərhal sonra baş tutacaq və onun 2022-ci ilin iyulundan bəri Bakıya ilk gəlişi olacaq. Ursula fon der Lyayenin Ermənistandan sonra Azərbaycanda görüşlər keçirməsi rəsmi İrəvanın Bakı ilə bağlı ehtiyaclarının və sülh gündəliyinin bilavasitə Azərbaycan tərəfi ilə müzakirə edilməsi məqsədi daşıya bilər. Bu səfər Aİ-Azərbaycan münasibətlərini daha yüksək strateji səviyyəyə qaldırmağı hədəflədiyi üçün Avropa rəsmilərinin bu vaxta qədər regiona etdiyi səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənəcək. Çünki hazırda həm regionda, həm də dünyada baş verən ciddi geosiyasi hadisələr tərəflər arasında münasibətlərin axarını daha müsbət istiqamətə döndərməyin vacibliyini diqtə edir.
Brüssele görə, Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi prioritet xətt təşkil edir. Məhz bu səbəbdən regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək. Görüşlər zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, gələcək perspektivləri, strateji enerji əməkdaşlığı və regional proseslər ətraflı şəkildə masaya yatırılacaq.
Gözlənilən səfərlə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Almaz Abasova bildirib ki, bu, ikitərəfli münasibətlərdə yeni dövrün başlanğıcı olacaq və ənənəvi enerji siyasətindən daha geniş tərəfdaşlığa keçidin əsasını qoyacaq: “Bununla belə, enerji sahəsində əməkdaşlıq müzakirələrdə əsas mövzu olaraq qalacaq, 2022-ci il Strateji Anlaşma Memorandumu təsdiqlənəcək və daha geniş sahələri əhatə edəcək. Hazırda 10 Aİ üzvü olan dövlət və ümumilikdə 16 Avropa ölkəsi Azərbaycan qazını idxal edir. Səfərin tədarük həcminin artırılması və uzunmüddətli öhdəliklər üçün zəmin yaradacağı da istisna deyil”.
Siyasi şərhçi vurğulayıb ki, qlobal geosiyasi proseslər fonunda regional nəqliyyat dəhlizləri yeni strateji əhəmiyyət qazanır:
“Orta Dəhliz” ətrafında müzakirələri yeni əməkdaşlıq sahəsi hesab etmək olar. Bu, həm Azərbaycan, həm də Avropa üçün strateji yenilikdir. Ənənəvi quru marşrutlarının geosiyasi gərginliklər səbəbindən pozulması səbəbilə Aİ Xəzər dənizi, Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə keçən Orta Dəhliz xəttini Avropa ilə Asiya arasında mühüm ticarət, enerji və rəqəmsal əlaqə vasitəsi kimi görür. Bu marşrut üzrə ticarət həcmi 2022-ci ildən bəri dörd dəfə artıb. Aİ artıq 80 milyon avrodan çox texniki yardım ayırıb və yaxın gələcəkdə 2 milyard avrodan çox investisiya cəlb etməyi planlaşdırır. Səfər layihələrin icrasını və siyasət koordinasiyasını sürətləndirə bilər”.
A. Abasovanın sözlərinə görə, səfərin Ermənistan və Azərbaycan arasındakı sülh dinamikasına da birbaşa təsiri olacaq:
“Səfər Azərbaycan və Ermənistanın sülh danışıqlarını bərpa etmək barədə razılığa gəlməsindən qısa müddət sonra baş tutur. Aİ vasitəçi rolunu oynamağa cəhdlərini davam etdirməyə çalışacaq. Bu, müsbət siqnal olsa da, əhəmiyyətli maneələr qalmaqdadır. Məsələn, Azərbaycanın Ermənistandan konstitusiya dəyişikliyi tələbi. Səfər, şübhəsiz, diplomatik dinamikanı qorumağa kömək edərək konkret irəliləyişləri ortaya qoyacaq”.
Ayxan İbişov
20:00 27.06.2026
Oxunuş sayı: 62