Təklif: Hərbi çağırış ildə iki dəfə olsun
Azərbaycanda hərbi xidmət müddətinin dəyişdirilməsi və ödənişli hərbi xidmət modelinə keçidlə bağlı müzakirələr zaman-zaman gündəmə gəlsə də, bu istiqamətdə hazırda konkret qərarın olmadığı açıqlanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi bildirib ki, hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət məsələsi hazırda gündəlikdə deyil. Bu açıqlama ordunun komplektləşdirilməsi, çağırış sistemi və gələcək hərbi islahatlarla bağlı sualları yenidən aktuallaşdırır.
Hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, bunun üçün əvvəlcə hüquqi baza formalaşdırılmalı və müəyyən hazırlıq işləri aparılmalıdır.

Ekspertin sözlərinə görə, dünyada və regionda baş verən proseslər fonunda hazırda əsas prioritet ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsidir: “Bu o demək deyil ki, hərbi xidmətin azaldılması və ya gələcəkdə ödənişli hərbi xidmət modeli Azərbaycanda tətbiq olunmayacaq. Sadəcə bunun üçün müəyyən hüquqi və təşkilati məsələlər həll edilməlidir”.
Üzeyir Cəfərov qeyd edib ki, çağırış sisteminin də təkmilləşdirilməsinə ehtiyac var. Onun fikrincə, çağırışların ildə dörd dəfə deyil, iki dəfə keçirilməsi daha səmərəli ola bilər: “Dörd dəfə çağırış komandirlərin və hərbi hissələrin fəaliyyətinə müəyyən çətinlik yaradır. Çünki hər üç aydan bir yeni çağırış olduqda bəzi proseslər yenidən təkrarlanır”.
Ekspert bildirib ki, gələcəkdə çağırışçıların orduya gəlməzdən əvvəl müəyyən hazırlıq və bacarıqlara sahib olması vacibdir. Onun sözlərinə görə, bu prosesdə yalnız hərbi qurumlar deyil, Elm və Təhsil Nazirliyi, digər dövlət strukturları, ailə və ictimai institutlar da iştirak etməlidir: "Çağırış sistemində müasirləşmə qaçılmazdır. Azərbaycan da dünyadakı tendensiyalara uyğun olaraq bu istiqamətdə dəyişikliklərə gedəcək".
Nigar Xəlilli
14:30 27.06.2026
Oxunuş sayı: 145