Silahlı Qüvvələrimiz dövlət müstəqilliyimizin əsas təminatçılarından birinə çevrilib
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın müstəqilliyini, suverenliyini və milli təhlükəsizliyini qoruyan ordunun şərəfinə qeyd olunan ən əlamətdar tarixlərdən biridir. Bu gün təkcə hərbi bayram deyil, həm də dövlətin müdafiə qüdrətinin, xalqın öz ordusuna olan sonsuz etimadının və vətənpərvərlik ruhunun təntənəsidir. Son illərdə Azərbaycan Ordusunun qazandığı tarixi uğurlar, müasir hərbi potensialı və yüksək döyüş hazırlığı ölkəmizin regionun ən güclü silahlı qüvvələrindən birinə malik olduğunu bir daha təsdiqləyib.
Milli Məclisin deputatı Soltan Məmmədov bu günün əhəmiyyəti ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb:

“26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Ordumuzun rəşadətini, xalqımızın vətənpərvərlik ruhunu və dövlətimizin müdafiə qüdrətini özündə ehtiva edən mühüm tarixi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Ordusu ötən dövr ərzində böyük inkişaf yolu keçərək regionun ən peşəkar və güclü silahlı qüvvələrindən birinə çevrilmişdir. Bu gücün təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi milli ordu quruculuğu siyasəti və peşəkar hərbi kadrların hazırlanmasına göstərdiyi müstəsna diqqət dayanır. Məhz dövlətimizin siyasi iradəsi nəticəsində müstəqil Azərbaycanın nizami ordusunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, Silahlı Qüvvələrimiz dövlət müstəqilliyimizin əsas təminatçılarından birinə çevrilmişdir. Həyata keçirilən ardıcıl islahatlar sayəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilmiş, müasir silah və texnologiyalarla təchiz olunmuş, döyüş hazırlığı və peşəkarlıq baxımından yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ordumuzun qazandığı uğurlar Azərbaycanın artan siyasi nüfuzunun, iqtisadi gücünün və Azərbaycan Dövlətinin milli təhlükəsizlik siyasətinin məntiqi nəticəsidir”.
S. Məmmədov bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi: “Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı hesabına ərazi bütövlüyümüz bərpa olundu, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə isə dövlət suverenliyimiz tam təmin edildi. Bu tarixi qələbələr Azərbaycan hərb tarixinin ən parlaq səhifələri kimi əbədi yaşayacaqdır. Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin sərhədlərinin keşiyində dayanan hərbi qüvvə deyil, həm də xalqımızın qürur mənbəyi, dövlətimizin gücünün və milli iradəsinin təcəssümüdür. Xalq–ordu birliyi, yüksək vətənpərvərlik ruhu və dövlətimizin hərbçilərə göstərdiyi davamlı diqqət Silahlı Qüvvələrimizin gələcək uğurlarının da əsas təminatıdır”.
Ayhan
15:39 26.06.2026
Oxunuş sayı: 60