Azərbaycan ordusu sürətlə inkişaf edir - RƏY
Dövlətin müstəqilliyi onun bayrağı ilə bəyan olunursa, o müstəqilliyin əbədiliyi ordusunun gücü ilə qorunur. 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə təməli qoyulan Silahlı Qüvvələrimiz, Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası ilə yenidən formalaşaraq dövlətçiliyimizin sarsılmaz qalasına çevrildi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həm döyüş meydanında, həm də müasir hərbi sənaye sahəsində dastan yazan ordumuz, dövlətin öz əsgər və zabitinə göstərdiyi ali diqqət və qayğı ilə regionun ən qüdrətli hərbi gücüdür.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələr Gününün əhəmiyyəti barədə danışıb: "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində bir sıra ciddi uğurlara imza atdı. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. İlk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Ümummilli Liderin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir".
O, qeyd edib ki, bu gün cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir: "Vətən müharibəsində qələbəmizdə müstəqilliyin ilk illərində Ulu Öndərin əsasını qoyduğu siyasət, sonrakı dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət mühüm rol oynadı. Bu gün Azərbaycan dünyada nizamlı, yüksək döyüş qabiliyyətinə və müasir silahlara malik ölkələrdən biri sayılır və günü-gündən dövlətimizin hərbi qüdrəti daha da artır.
Qısa müddətdə Azərbaycan silah alan ölkədən istehsal edən ölkəyə çevrildi. Bu baxımdan 2006-cı ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illər ölkəmizdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, həmin məhsulların bir hissəsi ixrac edilir.
Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülmüş, onlarla yeni hərbi şəhərcik yaradılmışdır. Hərbiçilərin xidmət şəraiti daha da yaxşılaşdırılmış, son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir.
Son illər ordu quruculuğu sahəsində görülmüş bütün bu tədbirlər Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirmiş, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə ciddi töhfə vermiş, Azərbaycan ordusunun düşmən üzərində qələbəsini təmin etmişdir.
Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” barədə imzaladığı sərəncam dövlətimizin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir.
Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər bir çox aspektlərdən xüsusi önəm daşıyır.
Azərbaycan Ordusuna, bu ordunun hər bir əsgər və zabitinə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı var. Eyni zamanda hərbi qulluqçuların əmək haqlarının artırılması, hərbçilərin təltif olunması bir daha onu göstərir ki, ölkə rəhbərliyi ordumuza böyük diqqət və qayğı nümayiş etdirir".
Turqut Ansari
11:10 26.06.2026
Oxunuş sayı: 70