Parisin birtərəfli yanaşması regionda etimad böhranı yaradır
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir dövrdə bəzi xarici aktorların nümayiş etdirdiyi birtərəfli mövqe regionda etimad mühitinə mənfi təsir göstərir. Xüsusilə Fransanın son dövrlərdə səsləndirdiyi bəyanatlar və rəsmi mövqeyi Parisin vasitəçilik missiyasından daha çox Ermənistanın maraqlarını müdafiə edən siyasi xətt yürütdüyü barədə müzakirələri yenidən gündəmə gətirib. Fransa Milli Assambleyasında səsləndirilən iddialar və rəsmi cavablar da bu mübahisələri daha da alovlandırıb. Bəs Fransanın bu yanaşması sülh prosesinə necə təsir edir və regionda hansı nəticələr doğura bilər?
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlama verib:
“Fransanın son addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə zərbə vurmaqla yanaşı, Parisin bölgədə birtərəfli və qərəzli mövqeyini bir daha ortaya qoyur. Bu siyasətin əsas məqsədi Ermənistanı gücləndirmək, revanşist meylləri təşviq etmək və Cənubi Qafqazda öz təsir imkanlarını qorumaqdır. Bu çox əsassız ittihamdı, Fransa Milli Assambleyasının üzvlərinin suallarına cavabda “erməni məhbusları”, “erməni mədəni irsi” və “Azərbaycanda insan hüquqları” kimi mövzular qabardılıb, lakin Ermənistanın 30 illik işğalı, mina təhdidi və bir milyondan çox azərbaycanlının məcburi köçkün vəziyyəti tamamilə görməzlikdən gəlinib. Cavablarda Ermənistanın təhlükəsizliyi və separatçıların müdafiəsi ön plana çəkilir, bu isə Fransanın neytral vasitəçi kimi çıxış etmədiyini göstərir”.

Politoloq qeyd edib ki, Fransanın bu addımları sülh prosesinə xidmət etmir, əksinə, güvən mühitini zədələyir: “Parisin birtərəfli yanaşması həm Azərbaycan cəmiyyətində, həm də regionda etimad böhranı yaradır. Əgər Fransa həqiqətən sülhün tərəfdarıdırsa, işğalın nəticələrinə, mina təhlükəsinə və azərbaycanlı məcburi köçkünlərin hüquqlarına da diqqət yetirməlidir”.
Ayhan
12:00 26.06.2026
Oxunuş sayı: 67