Xarici dil təhsilində yeni yanaşmalar tələbələrin qlobal uğur imkanlarını artırır - MÜSAHİBƏ
Xarici dil bilikləri artıq yalnız üstünlük deyil, uğurlu gələcəyin əsas şərtlərindən birinə çevrilib. Bu səbəbdən valideynlər və abituriyentlər təhsil müəssisəsi seçərkən yalnız dil öyrədən deyil, eyni zamanda beynəlxalq imtahanlara hazırlıq, xaricdə təhsil və fərdi inkişaf imkanları təqdim edən mərkəzlərə üstünlük verirlər. Belə təhsil müəssisələrindən biri də qısa müddətdə öz nəticələri və müasir tədris yanaşması ilə diqqət çəkən Ingla School Baku-dur. Məktəbəqədər təhsildən başlayaraq beynəlxalq imtahan hazırlığına və xaricdə təhsil xidmətlərinə qədər geniş fəaliyyət sahəsinə malik olan təhsil şirkəti yüzlərlə gəncin akademik uğur yolunda etibarlı tərəfdaşına çevrilib.
Sözügedən mərkəzin fəaliyyət istiqamətləri, tədris metodları, əldə etdiyi nailiyyətlər və gələcək planları barədə Ingla School Baku-nun direktoru, təhsil eksperti Əzizə Fətullayeva Crossmedia.az-ın suallarını cavablayıb.

-İngla School hansı məqsədlə yaradılıb və fəaliyyətinizin əsas missiyası nədən ibarətdir?
-Ingla School beynəlxalq hazırlıqlarla ixtisaslaşmış, müasir yanaşması ilə seçilən bir tədris şirkətidir. Mərkəzimizdə dil tədrisi və beynəlxalq imtahanlara hazırlıq proqramları yüksək keyfiyyətli tədrisi ilə seçilir. Ingla School-un başqa ad altında fəaloyyət göstərən məktəbəqədər təhsil bölməsi də var ki bu Ingla School ailəsinin bir hissəsidir. Eyni zamanda, xaricdə təhsil xidmətləri təqdim edən Ingla International da fəaliyyət göstərir. Ingla School Azərbaycanda keyfiyyətli tədrisi ilə, xüsusilə beynəlxalq imtahanlara hazırlıq sahəsində tanınan bir təhsil şirkətidir. Şirkətin əsas məqsədlərindən biri gələcəkdə Ingla School adı altında öz liseyini yaratmaqdır.
-İngla School-da ingilis dili hansı müasir metod və proqramlar əsasında tədris olunur?
-Ingla School-da ingilis dili tədrisi xüsusi diqqətlə aparılır. Tədris proqramlarımız həm danışıq ingilis dili, həm də akademik məqsədlər üçün nəzərdə tutulmuşdur. Xaricdə təhsil almaq istəyən tələbələr üçün dil sistemli şəkildə öyrədilir. İlk olaraq onların baza bilikləri yoxlanılır, daha sonra isə beynəlxalq imtahanlara hazırlıq istiqamətində mərhələli və sistemli tədris prosesi həyata keçirilir. Tələbələrin inkişafı hər ay izlənilir və mütəmadi sınaq imtahanları vasitəsilə qiymətləndirilir. Eyni zamanda, ingilis dilini səyahət, şəxsi inkişaf və ya karyera məqsədləri üçün öyrənmək istəyənlərə danışıq ingilis dili proqramları təklif olunur. Mərkəzimizin əsas fərqləndirici xüsusiyyəti ingilis dilinin danışıq dili kimi yüksək səviyyədə və müasir metodlarla tədris edilməsidir. Tədris prosesində müxtəlif beynəlxalq yanaşmalardan istifadə edir, proqramlarımızı müasir standartlara uyğun olaraq daim təhlil edir, qiymətləndirir və təkmilləşdiririk. Bu yanaşma sayəsində tələbələrimizin dil bacarıqlarının effektiv şəkildə inkişaf etməsinə nail oluruq.
-İngla School-un nəticələri barədə nə deyə bilərsiniz? İndiyədək əldə etdiyiniz ən uğurlu nəticələr hansılardır?
-Mərkəzimizin ən böyük uğuru tələbələrimizin beynəlxalq arenada əldə etdiyi nailiyyətlərdir. Aylıq monitorinqlər və sistemli yanaşmamız sayəsində tələbələrimiz IELTS, Duolingo, SAT və digər beynəlxalq imtahanlarda yüksək ballar toplayırlar. Ən uğurlu nəticələrimiz isə yalnız bu ballarla məhdudlaşmır; bizim vasitəmizlə xaricin ən nüfuzlu universitetlərinə qəbul alan və təqaüd qazanan onlarla gəncin olması bizim əsas qürur mənbəyimizdir. "Ingla International" vasitəsilə tələbələrimizin qlobal təhsil xəritəsində yer alması bizim üçün ən böyük göstəricidir.
-Gələcəkdə İngla School-un inkişafı ilə bağlı hansı yeniliklər və planlar nəzərdə tutulur?
-Ən böyük və strateji hədəfimiz, qeyd etdiyimiz kimi, Ingla School adı altında öz liseyimizi yaratmaqdır. Biz məktəbəqədər təhsildən başlayaraq, xaricdə təhsilə qədər uzanan zənciri tamamlamaq istəyirik. Yaxın gələcəkdə isə tədris proqramlarımıza süni intellekt inteqrasiyalı yeni metodologiyalar əlavə etməyi, beynəlxalq imtahan hazırlıqları coğrafiyamızı genişləndirməyi və rəqəmsal təhsil platformalarımızı daha da təkmilləşdirməyi planlaşdırırıq.
-Əgər bir şagird eyni vaxtda bir neçə dil kursu arasında seçim etməli olsa, onu məhz İngla School-u seçməyə vadar edən ən əsas üstünlük nədir?
- Ən əsas üstünlüyümüz "Bütöv Təhsil Ekosistemi" olmağımızdır. Tələbə bizə müraciət edərkən sadəcə bir dil kursuna gəlmir; o, məktəbəqədər təməldən başlayan, akademik dil hazırlığından keçən və "xaricə qapı açan nəhəng bir ailəyə daxil olur. Bizdə proses xaotik deyil - aylıq ciddi monitorinqlər, hər tələbəyə fərdi yanaşma və hədəfəyönümlü sistem var. Şagird burada vaxt itirməyəcəyinə və hər ay öz inkişafını real olaraq görəcəyinə əmin olur.
-Müəllim heyəti hansı meyarlar əsasında seçilir?Onların peşəkarlığını qiymətləndirərkən daha çox nələrə diqqət yetirirsiniz?
-Mən inanıram ki, güclü proqramı və güclü nəticəni ancaq və ancaq güclü müəllim heyəti ilə reallaşdırmaq olar. Bizim üçün əsas prioritet müəllimin təhsil həyatının, akademik keçmişinin birbaşa müəllimlik üzrə olmasıdır. Çünki metodiki yanaşmada müəllimin öz ixtisasının məhz pedaqogika və müəllimlik olması bizim üçün çox mühüm şərtdir. Bunun ardınca isə təbii ki, müəllimlərimizin beynəlxalq sertifikasiyalardan keçməsinə və bu sahədə müxtəlif mötəbər dil sertifikatlarına sahib olmasına xüsusi önəm veririk.Müəllim seçmində bəzi mərkəzlərdən tamamilə fərqli bir fəlsəfəmiz var. Elə kurslar var ki, müəllimləri sadəcə test imtahanları ilə işə qəbul edirlər. Mən bu yanaşmanın tamamilə əleyhinəyəm. Düşünürəm ki, əgər biz müəllimin akademik karyerasına və uğurlu keçmişinə nəzər salırıqsa, bu artıq kifayət qədər böyük bir göstəricidir və onu yenidən quru test imtahanları ilə sınamağa ehtiyac yoxdur.Mənim üçün müəllimlikdə ən vacib, ən əsas məsələ tamam başqadır: Müəllimin sinif otağında uşaqlarla qurduğu kommunikasiya, onlara rəftarı və uşaqların baxışları qarşısında dərsi necə izah etməsidir. Müəllimin şagirdlərin suallarına verdiyi reaksiyalar, onlarla düzgün dil tapması və ən əsası — uşaqlarla müəllim arasında o görünməz, səmimi bağın yaranması... Bax, mənim üçün peşəkarlığı qiymətləndirərkən ən həlledici məqam məhz həmin o bağın qurulma bacarığıdır.
-Xarici dil öyrənmək istəyən şagird və tələbələrin ən çox yol verdiyi səhvlər hansılardır?
-Neçə illik pedaqoji təcrübəmə nəzər salanda şagird və tələbələrin yol verdiyi ən böyük səhvin birdən-birə çox böyük nəticələr gözləmək və səhv etməkdən qorxmaq olduğunu görürəm; sıfırdan başlayan birinin cəmi bir həftəyə C1 səviyyəsinə çatmaq istəməsi real yanaşma deyil, çünki dil intensiv istifadə edildikcə inkişaf edən bir ünsiyyət vasitəsidir və motivasiyadan düşməmək üçün "bir aya mükəmməl danışacam" demək əvəzinə, "bir aya artıq özümü ilkin səviyyədə ifadə edəcəm, iki aya baxdığım filmləri anlayacam" kimi kiçik hədəflərdən böyük hədəflərə doğru getmək lazımdır. Unutmaq olmaz ki, dil olduqca zəngindir - hətta doğma dilimizdə belə bəzən bilmədiyimiz sözlər, terminlər qarşımıza çıxdığı halda, ingilis dilində hər oxunan məqaləni və ya musiqini birə-bir anlamağa çalışmaq böyük səhvdir, çünki əsas məsələ kontekstdən mənanı çıxarmaq və dili sadəcə praktika etməkdir; eyni zamanda, tələbələr qrammatikanı və ya lüğət bazasını mükəmməlləşdirib sonra danışmağı gözləyirlər, halbuki dil bariyerini aşmaq üçün elə ilkin, bəsit ifadələrlə, səhv edə-edə danışmağa başlamaq lazımdır ki, burada da düzgün pedaqoqun rolu əvəzsizdir - mən hər zaman valideynlərə və tələbələrə deyirəm ki, bizim ilkin bir ayda etməli olduğumuz ən əsas üç məsələ var: birincisi, müəllim özünü sevdirməlidir, ikincisi, müəllim uşağa dərsi sevdirməlidir, üçüncüsü isə tələbədə həmin o özünəinamı yaradaraq dili qorxmadan danışmağa sövq etməlidir.
-İngla School-da təhsil alan tələbələrin uğur hekayələri arasında sizi ən çox təsirləndirən hadisə hansıdır?
-İnanırsınız, o qədər müxtəlif, fərqli və gözəl hekayəsi olan şagirdlərim var ki, onların arasından sadəcə birini seçib ayırmaq mənim üçün çox çətindir. Məsələn, bir tələbəm var, hələ də özü ilə aramızda bunun zarafatını edirik; hazırda B2 səviyyəsində çox sərbəst danışır və beynəlxalq imtahanlardan ən yüksək nəticələri əldə edib. Amma ilk dərsə gələndə lüğət dəftərinə 'school' sözünü qeyd etmişdi və o dəftəri hələ də saxlayır. Hər dəfə mənə göstərib deyir: 'Müəllimə, mən ilk gün bu sözün belə mənasını tam bilmirdim, amma indi Duolingo, IELTS kimi imtahanlardan ən yüksək sertifikatları alıb gətirmişəm.' Bu zəhmətli, əziyyətli, amma sonu möhtəşəm bitən hekayəni hər xatırlayanda indi də duyğulanıram.Bizim üçün uğur təkcə imtahan balları deyil. Elə uşaqlarımız var ki, yay tətilində rayona gedəndə öyrəndiyi dili o qədər daxililəşdirib ki, həyətdəki cücələrlə belə ingiliscə danışıb mənə video göndərir ki, 'Müəllimə, baxın, mən artıq hər yerdə ingiliscə danışıram'. Hesab edirəm ki, bu, sadəcə uşaqların qəlbinə o dil sevgisi toxumunu düzgün əkməklə bağlıdır.Üstəlik, bizim hər yaş qrupundan tələbəmiz olub — 45, 50, hətta 60 yaşında sıfırdan ingilis dili öyrənməyə başlayan və hazırda dünyanın müxtəlif ölkələrində uğurla yaşayan tələbələrimiz var. Cəmiyyətdə sanki belə bir yanlış rəy var ki, bəlli bir yaşdan sonra dil öyrənmək mümkün deyil. Lakin bizim nəticələrimiz sübut edir ki, bu, tamamilə fərdi bir məsələdir. İnsanlar məqsədyönlü olduqda və bir işi sevərək etdikdə mütləq ən yaxşı nəticəni alırlar. Mən sevginin və əməyin gücünə çox inanıram; insanın sevgi ilə etdiyi bir işdən uğursuz ayrılması sadəcə qeyri-mümkündür.
Fatimə Məmmədova
10:00 23.06.2026
Oxunuş sayı: 96