Bu şəhər və çimərliklərdə ehtiyatlı olun – ilanlar günü-gündən çoxalır
Son günlər Bakı şəhərində və ətraf ərazilərdə – çimərliklərdə, bulvar və park zonalarında, hətta yaşayış məntəqələrində ilanlarla rastlaşma hallarının artması ictimai narahatlıq doğurub. Xüsusilə yay mövsümünün başlanması ilə bu halların daha çox qeydə alınması cəmiyyətdə “ilanların sayı artırmı?” sualını gündəmə gətirib. İnsanlar artıq normal şəkildə gəzməkdən də çəkinir. Mütəxəssislər isə bildirirlər ki, məsələ yalnız ilan populyasiyasının artması ilə bağlı deyil – urbanizasiya, təbii yaşayış mühitinin daralması, isti hava şəraiti və insan fəallığının yüksəlməsi də bu qarşılaşmaların sayına təsir edən əsas amillər sırasındadır. Bəs şəhər ərazisində ilanlarla daha tez-tez rastlaşma hallarının əsas səbəbi nədir, risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı zooloq, dosent Təvəkkül isgəndərov
Crossmedia.az-a açıqlama verib:
“Son
vaxtlar, yəni ilanların fəal olduğu isti aylarda Bakı şəhərində, o cümlədən şəhər
mərkəzində, bulvar və park ərazilərində, eyni zamanda Bakı ətrafı kənd və qəsəbələrdə
ilanlarla tez-tez rastlaşma halları müşahidə olunur. Lakin bu hallar ilanların
sayının artdığını göstərmir. Əsas səbəb ilanların təbii yaşayış mühiti ilə
insanların yaşayış məkanlarının daha çox üst-üstə düşməsidir. Abşeron
yarımadasında ilanların təbii yaşayış yerləri demək olar ki, qalmayıb, ərazilər
böyük ölçüdə antropogenləşib. Yəni insanlar tərəfindən mənimsənilib və
ilanların sərbəst yaşaması üçün boş sahələr azalıb. Bu baxımdan sanki
insanlarla ilanlar eyni mühitdə yaşamağa başlayıb. Buna görə də belə
rastlaşmaların çoxalması təəccüblü deyil və bu, ilan populyasiyasının artması
kimi qiymətləndirilməməlidir. Eyni vəziyyət çimərliklərdə də müşahidə olunur. Xəzər
dənizinin Bakı ətrafındakı bir çox sahillərində daşlıq və qayalıq hissələr,
beton konstruksiyalar mövcuddur. Bu ərazilər su ilanlarının sığınacaq yerləridir.
Burada çoxlu sayda ilan yaşayır və əsasən xırda balıqlarla qidalanır. Adi
vaxtlarda insanlar onları görmür, çünki bu ilanlarla əsasən həmin ərazilərdə
balıq tutan şəxslər rastlaşır. Lakin çimərlik mövsümü başlayanda insanların
sıxlığı artır, suda üzmə və hərəkətlilik çoxalır. Bu zaman daşlıqlarda gizlənən
su ilanları narahat olaraq sığınacaqlarını tərk edir və insanların çimdiyi hissələrdə
görünə bilir. Yəni ilanların insanların olduğu əraziyə gəlməsi onların həmin
sahələrdə əvvəlcədən mövcud olması və narahat edilməsindən irəli gəlir”.

Zooloq bildirib ki, Bakının Dənizkənarı bulvar
ərazisində də daşlıq sahələr kifayət qədərdir və burada su ilanlarına rast gəlinə
bilər: “Xüsusilə yumurtlama dövründə onlar quru sahələrə çıxaraq uyğun
sığınacaq axtara bilirlər. Bu zaman insanlar bulvar ərazisində də ilanlarla
qarşılaşa bilər. Digər tərəfdən, şəhər ətrafı ərazilərdə müxtəlif ilan növlərinə,
o cümlədən zəhərli gürzə ilanlarına rast gəlinir. Bu ilanlar bəzən şəhərə təsadüfi
yollarla gətirilə bilər. Məsələn, tikinti materialları, qum, daş, konteynerlər
və digər yüklərlə birlikdə nəqliyyat vasitələrinə girərək şəhərə daşına bilirlər.
Bəzən insanlar ilan olan ərazilərdə avtomobillərini saxlayırlar və ilanlar sərin,
gizli yer axtardığından maşının alt hissəsinə, mühərrik bölməsinə və ya digər
boşluqlara girə bilir. Daha sonra həmin nəqliyyat vasitələri ilə şəhər mərkəzinə
gətirilirlər. Ona görə də şəhər daxilində rast gəlinən ilanların əksəriyyəti həmin
ərazidə yaşayan ilanlar deyil, təsadüfən gətirilmiş fərdlərdir. Şəhər mərkəzi
park tipli ərazi olduğundan burada ilanların daimi yaşaması üçün əlverişli şərait
yoxdur”.
Zooloq yay aylarında ilanların fəallığının artması və insanların açıq məkanlarda daha çox olması səbəbindən belə qarşılaşmalar gözlənilən olduğunu qeyd edib: “Bu səbəbdən ehtiyatlı olmaq vacibdir. Ehtiyatlı olmaq o deməkdir ki, hər hansı əşyanı qaldırarkən altında ilan ola biləcəyini nəzərə almaq lazımdır. Həyət evlərində, tikinti sahələrində, daş qalaqlarının, tikinti materiallarının toplandığı yerlərdə və zirzəmilərdə diqqətli olmaq lazımdır. Zirzəmilər sərin olduğu üçün ilanlar istidən qorunmaq və ya yem axtarmaq məqsədilə bu yerlərə daxil ola bilər. Buna görə zirzəmilərin qapıları bağlı saxlanmalı, giriş-çıxış hissələri torla qorunmalıdır. Həyətdə ilanların görünməməsi üçün onları cəlb edən amilləri aradan qaldırmaq lazımdır. Bunlar əsasən ilanların qida mənbələridir: kərtənkələlər, siçanlar, quşlar və quş balaları. İlanlar qoxu vasitəsilə bu canlıların olduğu yerləri müəyyən edib həmin əraziyə gələ bilər. Bundan əlavə, yay aylarında ilanlar kölgə və sığınacaq axtarır. Buna görə həyətdə olan daş yığınları, ağac budaqları, müxtəlif tullantılar onların gizlənməsi üçün əlverişli mühit yarada bilər. Təmizlik və yükləmə işləri aparılarkən diqqətli olmaq vacibdir.İlan sancmaları zamanı düzgün ilkin tibbi yardım göstərilməli və dərhal həkimə müraciət edilməlidir. Qeyd edilməlidir ki, Abşeronda rast gəlinən ilanların hamısı zəhərli deyil. Ölçü, rəng və davranışına əsasən bunu müəyyən etmək düzgün deyil. Abşeronda zəhərli növlərdən ən çox tanınanı levantin gürzəsidir. Lakin rast gəlinən ilanın zəhərli və ya zəhərsiz olduğunu fərqləndirmək çətin olduğundan bütün hallarda ehtiyatlı davranmaq lazımdır. İlanla rastlaşdıqda onun üstünə getmək, öldürmək və ya tutmağa çalışmaq düzgün deyil. Çünki ilan özünü müdafiə məqsədilə sancmağa çalışa bilər. Ən düzgün davranış məsafə saxlamaq, ilanın sakit şəkildə uzaqlaşmasına imkan yaratmaq və ya açıq ərazidədirsə, təhlükəsiz məsafədən onun üzərinə hər hansı örtük ataraq gizlənməsinə şərait yaratmaqdır. Bu müddətdə mütəxəssis çağırmaq tövsiyə olunur. İlanların çəkindiyi amillərdən biri də kəskin qoxulardır. Müxtəlif qoxulu maddələr müəyyən qədər təsir göstərə bilər, lakin bu üsul daimi deyil. Külək, yağış və digər amillər təsiri azaldır. Ən effektiv üsul ilanları cəlb edən səbəbləri aradan qaldırmaq, həyəti səliqəli saxlamaq, deşik və boşluqları bağlamaqdır. İlan sancmalarında diş izləri də müəyyən fərq göstərə bilər. Zəhərli ilan sancmasında adətən iki nöqtəvi diş izi görünür. Zəhərsiz ilanlarda isə bir neçə xırda cızıqvari iz müşahidə oluna bilər. Lakin yalnız bu əlamətə əsasən qərar vermək olmaz və istənilən halda tibbi yardım almaq vacibdir”.
17:30 22.06.2026
Oxunuş sayı: 62