FHN Akademiyasında dövlət dilinin elmi şəkildə zənginləşdirilməsinə həsr olunmuş seminar keçirilib
16 iyun 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən birgə təşkil olunan “Dövlət dilinin elmi şəkildə zənginləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.
Crossmedia.az FHN-nin akademiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Akademiya rəisinin birinci müavini, polkovnik Fuad Mehbaliyev dövlət dilinin qorunması və inkişaf etdirilməsinin hər bir vətəndaşın, xüsusilə də təhsil və elm müəssisələrinin mühüm vəzifələrindən biri olduğunu vurğulayıb. O, Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışaraq bu istiqamətdə keçirilən elmi-maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Seminarın məqsədi Azərbaycan dilinin müasir inkişaf istiqamətlərinin, terminoloji bazasının zənginləşdirilməsi yollarının, rəqəmsal dövrdə dilin qorunması və inkişaf etdirilməsi məsələlərinin müzakirəsi olub.
Tədbirdə filologiya elmləri doktoru, professor Nadir Məmmədli, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, filologiya elmləri doktoru, professor İlham Tahirov, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova və digər alimlər çıxış edərək dövlət dilinin inkişafı və zənginləşdirilməsi ilə bağlı aktual mövzular üzrə məruzələr təqdim ediblər.
Məruzələrdə Azərbaycan dilinin terminoloji leksikasının inkişafı, elmi tədqiqatların dövlət dilinin zənginləşdirilməsində rolu, rəqəmsal media şəraitində dilin inkişaf perspektivləri, dövlət dilinin qorunmasında gənclərin məsuliyyəti və dil-mədəniyyət münasibətləri kimi məsələlər geniş müzakirə olunub.
Seminar iştirakçıları dövlət dilinin elmi əsaslarla inkişaf etdirilməsinin ölkənin intellektual potensialının gücləndirilməsində, milli kimliyin qorunmasında və gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirin sonunda AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Akademiyanın kitabxanasına dilçilik elminin müxtəlif sahələrini əhatə edən dəyərli elmi nəşrlər və kitablar hədiyyə olunub. Bu təşəbbüs iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və gələcək elmi əməkdaşlığın inkişafına töhfə kimi dəyərləndirilib.
Seminar qarşılıqlı fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
11:20 18.06.2026
Oxunuş sayı: 91