Yağışlar necə fəlakətə çevrilir? - Ekoloq çoxlarını düşündürən sualın cavabını verdi
İqlim dəyişikliyinin qlobal fəsadları fonunda təbiət hadisələrinin miqyası artıq alışdığımız sərhədləri aşmaqdadır. Son illərdə həm dünyada, həm də yaz aylarında ölkəmizdə müşahidə olunan anomal yağıntılar, sürətlə aktivləşən sürüşmə və çökmə prosesləri bir daha sübut edir ki, biz artıq təbiətin sadəcə fəsillik şıltaqlıqları ilə deyil, idarə edilməsi çətinləşən böyük kataklizmlərlə üz-üzəyik. Lakin bu mənzərədə ən kritik məqam fəlakətin özü deyil, onun qarşısında dayanan insan amilidir. Çünki təbiətin gücü nə qədər amansız olsa da, onun vura biləcəyi zərərin son həddini və miqyasını müəyyən edən əsas faktor bizim böhranlara qarşı hazırlıq səviyyəmiz və vaxtında atılan strateji addımlardır.

Məsələ ilə bağlı ekoloq Rövşən Abbasov Crossmedia.az-a açıqlama verib: "Ümumiyyətlə, güclü yağışların yağması həmişə mənfi fəsadlar törədir. Dünyanın müxtəlif ölkələrində bu cür fəsadların şahidi oluruq. Yəni, çox güclü yağış yağdıqda, hətta Avropa ölkələrində belə çox böyük daşqınlar görürük. Əlbəttə ki, bu cür fəsadların yaranmasının birinci səbəbi təbiət hadisələridirsə, ikinci səbəbi cavab tədbirlərinin görülməsidir. Cavab nədir? Yəni baş verən təhlükəyə qarşı hazırlıqlı olmaq. Bizim hazırlıq səviyyəmizdən asılı olaraq, baş verən fəlakətin miqyası müəyyən olunur. Deməli, fəlakətin miqyasına təkcə təbiətdən gələn təhlükə yox, həm də insanın ona hazırlıq səviyyəsi təsir edir. Əgər hazırlıq səviyyəsi çox zəifdirsə, əlbəttə ki, ən kiçikmiqyaslı yağışlar belə fəlakətə çevrilə bilər. Və yaxud hazırlıq səviyyəsi çox güclüdürsə, ən güclü yağışlar belə idarə oluna bilər və heç bir mənfi fəsad yaranmaz. Bir sözlə, baş verən hadisənin mənfi nəticələrinin ortaya çıxması birbaşa hazırlıq səviyyəsi ilə əlaqədardır".
Turqut Ansari
10:57 10.06.2026
Oxunuş sayı: 60