Turizm

Fuad Nağıyev: "Sağlamlıq turizmi Azərbaycanın imkanlarını dünyaya tanıdır"

Bu gün Bakıda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sağlamlıq və tibbi turizmin inkişafı istiqamətində görülən işlər və perspektivlər barədə çıxış edib.

Fuad Nağıyev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatlar əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, sağlamlıq turizmi üçün yeni imkanlar yaradır. O bildirib ki, Azərbaycanın sağlamlıq turizmi potensialı kifayət qədər zəngindir və bu sahənin inkişafı 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında xüsusi yer alıb.

Dövlət Turizm Agentliyi bu istiqamətdə bir sıra əhəmiyyətli işlər görüb. Agentlik sağlamlıq turizmi resurslarının qiymətləndirilməsini aparıb və hesabat hazırlayıb. Hazırda Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumlarla birgə sağlamlıq turizmin inkişafı ilə bağlı strategiya üzərində işlər davam edir. Həmçinin dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb.

Agentlik sədri vurğulayıb ki, Azərbaycanın müalicəvi resursları, o cümlədən Naftalanın müalicəvi nefti, Naxçıvanın Duz dağı, Kəlbəcərin İstisuyu və Qarabağda yerləşən digər zəngin təbii imkanlar beynəlxalq səviyyədə tanınır. O, Şuşada sağlamlıq turizmi trendlərinin müzakirə edildiyi tədbiri nümunə göstərərək belə təşəbbüslərin davamlı olacağını bildirib.

Fuad Nağıyev sağlamlıq turizminin beynəlxalq miqyasda önəmli bir sahə olduğunu vurğulayaraq, Azərbaycanın bu sektorda geniş imkanlara malik olduğunu qeyd edib. O, bu potensialın səmərəli istifadəsi üçün sistemli yanaşmanın, effektiv idarəetmənin, yüksək keyfiyyətli xidmətin və dövlət-özəl əməkdaşlığının vacibliyini qeyd edib.

“Azərbaycanın sağlamlıq turizmi potensialını tanıtmaq və bu sahədə nailiyyətlər qazanmaq üçün fəaliyyətimizi davam etdirəcəyik,” – deyə o, çıxışını yekunlaşdırıb.

Tədbir iştirakçıları Azərbaycanın sağlamlıq turizmi sahəsində mövcud imkanlarını yüksək qiymətləndirərək gələcək əməkdaşlıq və inkişaf perspektivlərini müzakirə ediblər.

Nihat Tahirov

10:20 18.12.2024

Oxunuş sayı: 4678

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR