Səhiyyə

Nadir Zeynalov: “Müasir tibb sistemi vətəndaş yönümlüdür”

Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov ölkənin səhiyyə sisteminin inkişafı ilə bağlı vacib məqamları vurğulayıb. O bildirib ki, ötən əsrin əvvəllərində ABŞ-da xəstəxanaların idarəçiliyinə tibb bacılarının, daha sonra isə həkimlərin cəlb edilməsi ilə səhiyyənin idarəçiliyi ayrıca bir ixtisas kimi inkişaf etməyə başlayıb.

Sovet dövründə ölkəmizdə “Semaşko modeli” tətbiq edilirdi. Bu modelin əsas xüsusiyyətləri pulsuz tibbi xidmətlərin və profilaktik yanaşmanın prioritet olması idi. Nadir Zeynalov qeyd edib ki, həmin dövr üçün bu sistem uğurlu olsa da, müasir dövrdə ölkəmiz dünya təcrübəsindən bəhrələnərək müasir idarəetmə sisteminə keçid edib.

Son illərdə səhiyyə sahəsində mühüm islahatlar həyata keçirilib. Maddi-texniki bazanın gücləndirilməsi nəticəsində 700-dən çox tibb müəssisəsi ya əsaslı təmir edilib, ya da yenidən qurulub. 2011-ci ildən internatura sistemi rezidentura ilə əvəz olunub. Ən əhəmiyyətli addımlardan biri isə icbari tibbi sığorta sisteminin tətbiqi olub. Bu, səhiyyənin maliyyələşməsini artıraraq vətəndaşların xərclərinin azalmasına imkan yaradıb.

Müasir səhiyyə sistemi vətəndaş mərkəzlidir və iqtisadi səmərəlilik, hesabatlılıq, şəffaflıq kimi tələblərə cavab verir. Bundan əlavə, sistem ekoloji baxımdan dayanıqlı və iqlim dəyişikliklərinə hazır olmalıdır.

2024-cü ildə ölkəmizdə keçirilən ən mühüm tədbirlərdən biri COP29 idi. Bu tədbir, ölkəmiz və səhiyyə sistemi üçün bir sınaq rolunu oynadı. Xarici qonaqların böyük sayda iştirakı ilə keçirilən konfransın təşkilati və nəticə baxımından uğurlu olması ölkəmizin səhiyyə sisteminin inkişafını bir daha nümayiş etdirdi.

Nadir Zeynalov həmçinin bildirib ki, belə tədbirlər səhiyyə idarəçilərinin bir araya gələrək təcrübə mübadiləsi aparması üçün əhəmiyyətli platformadır. Dövlət və özəl tibb müəssisələrinin rəhbərləri bu müzakirələrdən faydalanaraq fəaliyyətlərini daha da təkmilləşdirə bilərlər.

Maral Şahverdili

09:32 18.12.2024

Oxunuş sayı: 4776

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR