Lissabonda Müstəqillik Gününə həsr olunan yarış keçirilib
Portuqaliyanın paytaxtı Lissabonda 28 May – Müstəqillik Gününə həsr olunan “Odlar Yurdu – Odun mirası” (“Odlar Yurdu – Legacy of Fire”) adlı yarış keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İspaniya-Portuqaliya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Portuqaliya üzrə koordinatoru Milana Seyidzadənin və Portuqaliyadakı Azərbaycan icmasının birgə təşkilatçılığı ilə baş tutan yarışda soydaşlarımızla yanaşı, Portuqaliya, Moldova, Türkiyə və Afrika ölkələrindən olan nümayəndələr aktiv iştirak ediblər.
Yarışın proqramı Azərbaycan bədii filmlərindən təqdim olunan fraqmentlər, musiqi nümunələri və ədəbiyyatımızdan seçilmiş parçalar əsasında hazırlanıb. Bu format iştirakçılara həm biliklərini sınamaq, həm də Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı verib. Daha sonra portuqaliyalı Susana Roque Nunesin təqdimatında Azərbaycanın milli rəqsi “Sarı Gəlin”in ifası böyük maraq və alqışlarla qarşılanıb. Eyni zamanda, səsləndirilən muğam parçaları qonaqlara zövqlü musiqi anları yaşadıb.
Yarışın qalibləri xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Müstəqillik Günü ərəfəsində təşkil olunan yarış Azərbaycanın dövlətçilik tarixinin, milli-mədəni dəyərlərinin və zəngin irsinin təbliğinə, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə müsbət imicinin daha da möhkəmləndirilməsinə töhfə verib.
13:36 02.06.2026
Oxunuş sayı: 42