İnçeonda keçirilən “Azərbaycan Günü” böyük maraq doğurub
Koreya Respublikasının İnçeon şəhərində yerləşən Bekhakço İbtidai Məktəbində “Azərbaycan Günü” tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İnha Universitetinin Multikulturalizm Fakültəsi, İnçeon Şəhər Təhsil İdarəsi, Bekhakço İbtidai Məktəbi və Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutub. Əsas təşkilatçılar İnha Universitetinin Multikulturalizm Fakültəsinin professoru O Yonq Sob və fəlsəfə doktoru Leyla Məsimli olub.
“Azərbaycan Günü”nə qatılan şagirdlərə Vətənimiz haqqında ətraflı məlumat verilib, ölkəmizin zəngin mədəniyyətini əks etdirən milli musiqi və rəqs örnəkləri nümayiş olunub. Bununla yanaşı, iştirakçıların fəallığını artırmaq üçün müxtəlif interaktiv, maarifləndirici və əyləncəli proqramlar təşkil edilib.
Sonda iştirakçılara komitənin loqosu əks olunmuş eko çantalar və müxtəlif suvenirlər verilib.
Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətinin Koreyada daha geniş auditoriyaya tanıdılması, Azərbaycan–Koreya dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də diaspor fəaliyyətinin inkişafına töhfə vermək olub.
18:19 25.05.2026
Oxunuş sayı: 44