Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən “Heydər Əliyev Kuboku” futbol turniri başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində start götürən turnir qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələr arasında keçirilib. Turnirin yarımfinal və final oyunları İstanbul şəhərində baş tutub.
Final mərhələsinə dörd komanda vəsiqə qazanıb. Yarımfinal mərhələsinin ilk qarşılaşması “Sakarya” və “İstanbul Yıldız Texniki Universiteti” komandaları arasında olub. Digər oyunda isə “İstanbul Texniki Universiteti” komandası “İzmir” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşlərin nəticəsində “Sakarya” və “İstanbul Texniki Universiteti” komandaları finala yüksəlib.
Final oyununda “Sakarya” komandası “İstanbul Texniki Universiteti” komandasını böyük hesabla məğlub edərək çempion olub. Turnirdə üçüncü yeri “İzmir” komandası qazanıb.
Mükafatlandırma mərasimində TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə və turnirin Təşkilat Komitəsinin rəhbəri, Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın çıxış ediblər. Onlar tədbirin əhəmiyyətindən, gənclər arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində bu cür layihələrin rolundan danışıblar. Daha sonra qalib komandaya “Heydər Əliyev Kuboku” və müxtəlif mükafatlar təqdim olunub.
Turnir iştirakçıları sonda Heydər Əliyev Parkını ziyarət edib, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla anıblar.