Restoranlarda bizə at eti yedizdirilir?!
Artıq restoranlara və gündəlik istehlak etdiyimiz qidalara olan inam ciddi şəkildə sarsılıb. İnsanlar süfrəsinə gələn məhsulun nə olduğunu bilmədən istehlak edir. “Mal əti” adı ilə təqdim olunan məhsulun sonradan at əti çıxması isə cəmiyyətdə böyük narahatlıq və etimadsızlıq yaradır. Qeyd edək ki, ötən gün Bakı şəhərinin Nizami rayonunda fəaliyyət göstərən Alp Delux şadlıq evində aparılan yoxlamalar zamanı istehlaka təqdim edilən ətlərdə at DNT-si aşkarlanıb. Yoxlama zamanı müəssisədə ciddi sanitar pozuntularının da mövcud olduğu müəyyən edilib.
Qida üzrə ekspert Fərid Səfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, restoran və şadlıq evlərində ətlə bağlı əsas risklərdən biri məhsulun mənşəyinin düzgün göstərilməməsidir:
" Bəzi hallarda mal əti adı ilə daha ucuz və ya fərqli heyvan ətinin, o cümlədən at ətinin istifadə olunması halları aşkarlana bilir. Burada əsas problem təkcə dini və etik məsələ deyil, həm də istehlakçının aldadılması və nəzarət sistemindəki boşluqlardır. Real risk odur ki, mənşəyi gizlədilən ətlər çox vaxt izlənilə bilməyən mənbələrdən gəlir. Belə məhsullarda baytarlıq nəzarəti, xəstəlik yoxlamaları, saxlanma temperaturu və gigiyena qaydaları şübhə altında qala bilər. Xüsusilə də qeyri-rəsmi kəsimlərdən gələn ətlərdə mikrobioloji risklər və antibiotik qalıqları ehtimalı artır".
Ekspert restoran və şadlıq evlərində nəzarətin ilk növbədə sənədləşmə üzərindən aparılmalı olduğunu vurğulayıb: "Hər bir ətin baytarlıq arayışı, mənşə sertifikatı və təchizatçı məlumatı olmalıdır. Məhsulun haradan alındığı, hansı şəraitdə daşındığı və necə saxlanıldığı izlənilə bilməlidir. Bundan əlavə, laborator analizlər və DNT testləri də vaxtaşırı aparılmalıdır".
F.Səfərov hesab edir ki, sistemdəki əsas boşluqlar isə bir çox mənfi hallar olur: " Ucuz və sənədsiz məhsul alışına üstünlük verilməsi, təchizat zəncirinin tam izlənməməsi, soyuq zəncir qaydalarının pozulması, nəzarət yoxlamalarının qeyri-müntəzəm aparılması, bəzi hallarda etiket və sənəd saxtalaşdırılması yaranan boşluqlar siyahısına daxildir. İstehlakçılar da seçim zamanı diqqətli olmalıdır. Həddindən artıq ucuz ət yeməkləri, dad və rəng fərqləri, həmçinin mənşə barədə qeyri-müəyyən məlumatlar risk göstəricisi ola bilər. Keyfiyyətə nəzarət isə həm dövlət qurumlarının, həm də ictimai iaşə obyektlərinin birgə məsuliyyəti olmalıdır".
Fatimə
19:54 08.05.2026
Oxunuş sayı: 64