Azərbaycan musiqisinin canlı ensiklopediyası – Musiqi Mədəniyyəti Muzeyi
Azərbaycanın zəngin musiqi mədəniyyəti əsrlər boyu formalaşaraq milli kimliyimizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması isə xüsusi mədəni ocaqların üzərinə mühüm vəzifələr qoyur. Məhz belə bir missiyanı daşıyan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu gün bizi musiqi yaddaşımızın dərinliklərinə aparan ən mühüm ünvanlardan biridir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 13 mart 1967-ci ildə yaradılıb. Yarandığı gündən etibarən bu mədəniyyət ocağının əsas missiyası Azərbaycan musiqi tarixini əks etdirən materialların toplanması, qorunması, elmi şəkildə araşdırılması və geniş ictimaiyyətə təqdim olunmasıdır.
Bu gün muzeyin fondunda 63 mindən artıq eksponat qorunur. Arxiv-memuar materialları, foto-neqativlər, eskiz və maketlər, müəllif not əlyazmaları, fonoteka və nadir musiqi alətləri bu zəngin kolleksiyanın əsasını təşkil edir. Muzeydə saxlanılan 356 musiqi aləti qorunub saxlanılır ki, onlardan 230-u milli, 104-ü dünya xalqlarının musiqi alətləridir, 22-i isə musiqi qutuları, qramofon, patefonlardır. Bu alətlər təkcə maddi irs deyil. Onlar bir dövrün nəfəsini, sənətkarın ruhunu daşıyan canlı yaddaşdır.
Bu kolleksiyalar içərisində Xan Şuşinski, Keçəçioğlu Məhəmməd, Şirin Axundov, Qurban Pirimov, Səid Rüstəmov, Hüseyn Saraclı, Ramiz Quliyev kimi ustad sənətkarların ifa etdiyi alətlər xüsusi yer tutur. Onların hər biri Azərbaycan musiqisinin tarixində bir iz, bir səs, bir taledir.
Muzeyin 4 filialı mövcuddur:
Xalq çalğı alətləri daimi sərgisi – məşhur tar ifaçısı və müəllimi Əhməd Bakıxanovun mənzilində yerləşir. Musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir.
Niyazinin mənzil-muzeyi – görkəmli dirijor və bəstəkar Niyazi 1958-ci ildən ömrünün sonunadək bu mənzildə yaşamışdır. Muzeydə Niyazinin həyatına aid fotoşəkillər, not əlyazmaları, məktublar, təsviri incəsənət əsərləri, şəxsi əşyalar və s. eksponatlar nümayiş etdirilir.
Vaqif Mustafazadənin ev-muzeyi – muzeydə məşhur pianoçu, caz muğamının banisi Vaqif Mustafazadəyə aid məktublar, səs yazıları, müxtəlif sənədlər, rəsm əsərləri və s. eksponatlar nümayiş etdirilir.
Qara Qarayevin ev-muzeyi – XX əsrin dahi və görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin ev-muzeyi onun 100 illik yubileyində açılmışdır. Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları, məişət əşyaları təqdim olunmuşdur.
1996-cı ildən muzeyin nəzdində Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Ansamblın yaradıcısı və bədii rəhbəri sənətşünaslıq elmləri doktoru, professor, Xalq artisti Məcnun Kərim orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycan ərazisində istifadə olunmuş, sonralar tamamilə unudulmuş çəng, bərbət, çəqanə, çoğur, tənbur, qopuz, rübab, rud və nüzhə musiqi alətlərini bərpa etmiş, həmçinin səntur və ney musiqi alətlərini Azərbaycanın musiqi həyatına qaytarmışdır. Həmin musiqi alətləri iki nüsxədə hazırlanmışdır.
Muzeyin ekspozisiyası isə 10 zaldan ibarətdir. Bunlar qədim musiqi alətləri, həmçinin zəngin musiqi alətləri kolleksiyası, film nümayiş etdirmək üçün kiçik zal, aşıq sənəti, muğam sənəti, Azərbaycan bəstəkarlıq məktəbi, dünya xalqlarının musiqi alətləri kolleksiyası, tədbir zalı, Şuşa musiqiçilərinə həsr olunmuş iki zal və “Musiqi təsviri incəsənətdə” zallarıdır.
2015-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinin binasında fəaliyyət göstərir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan muzeylərində ilk ingilis dilli vebsaytı olan muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyidir. 2005-ci ilin may ayında muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramovanın səyi nəticəsində UNESCO-da qazanılan qrant hesabına Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin üç dilli (Azərbaycan, rus, ingilis) vebsaytı yaradılmışdır.
Bu zəngin irs fonunda söhbət zamanı Alla Bayramova Azərbaycan musiqisinin cəmiyyətdəki yeri, onun təsir gücü və qorunmasının əhəmiyyəti ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşür. Onun fikrincə, musiqi digər sənət növlərindən fərqli olaraq insanın daxilində yaşayır:
“Mən həm rəsm sənətini, həm tətbiqi sənəti, xalçaçılığı və müxtəlif sənət növlərini çox sevirəm. Amma buna baxmayaraq heç kim məndən inciməsin, mən hər zaman vurğulayıram ki, Azərbaycanda musiqi bir nömrəli sənətdir. Azərbaycan mədəniyyətində ən əsas yer məhz musiqiyə məxsusdur. Bunun səbəbi isə çox aydındır. Bizim musiqimiz olduqca zəngin və təsirlidir. Məsələn, siz evdən çıxanda xalçanızı götürüb xaricə aparmırsınız, amma musiqini daim özünüzlə daşıyırsınız – o, sizin ürəyinizdə, yaddaşınızda, səsinizdədir. Azərbaycan musiqisi insanın daxilində yaşayır”.
O, bu fikri yalnız nəzəri olaraq deyil, real müşahidələrə əsaslanaraq söyləyir: “Xarici ölkələrdə keçirilən qastrol səfərlərində Azərbaycan musiqisini dinləyən insanların reaksiyası buna ən bariz sübutdur. Hətta mən özüm dəfələrlə bunun şahidi olmuşam, əcnəbilərin bizim musiqini dinləyərək göz yaşlarını saxlaya bilmədiyini görmüşəm. Onlar deyirdilər ki, sanki cənnətdə olublar. Bu isə Azərbaycan musiqisinin gücünü göstərir”.
Ümumiyyətlə, muzeyin yaradılması ilə bağlı 1967-ci ildə qəbul edilən qərar təkcə bir mədəniyyət müəssisəsinin açılması deyildi, bu, milli yaddaşın sistemli şəkildə qorunmasına yönəlmiş strateji addım idi. Həmin dövrdə bir neçə muzeyin yaradılması qərara alınsa da, Musiqi Mədəniyyəti Muzeyi xüsusi missiya daşıyırdı. Lakin muzey həmin ildən etibarən fəaliyyətə başlamadı. İlk mərhələdə əsas diqqət kolleksiyaların toplanmasına yönəldi. Çünki ziyarətçilərə təqdim olunacaq materialın özü əvvəlcə tapılmalı, qorunmalı və araşdırılmalı idi.
Bu gün muzeyin fəaliyyəti isə yalnız qoruma ilə məhdudlaşmır. Burada aparılan tədqiqatlar nəticəsində Azərbaycan musiqi tarixinin indiyədək məlum olmayan səhifələri üzə çıxarılır. Məsələn, Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi kimi dahi bəstəkarların indiyədək səsləndirilməmiş əsərləri məhz burada aşkar edilərək ilk dəfə ictimaiyyətə təqdim olunub.
Hazırda muzeydə yeni nəşrlər üzərində bir sıra işlər aparılır. Bu fəaliyyətin məqsədi Azərbaycan musiqisini toplamaq, qorumaq və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə təbliğ etməkdir. Əsas hədəf isə gələcək nəsillərin bu irsi düzgün şəkildə tanımasıdır. Əlyazmalar, sənədlər, məktublar, afişalar, səs yazıları – bu materiallar həqiqətin sübutudur. Məhz buna görə də muzeyin rolu son dərəcə vacibdir. Burada konsertlər, görüşlər, yubileylər, elmi konfranslar təşkil olunur, beynəlxalq nəşrlərdə məqalələr dərc edilir ki, bu da Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasına xidmət edir.
Hazırda muzeydə aparılan işlərdən biri də musiqi irsinin sistemləşdirilməsi və rəqəmsallaşdırılmasıdır. Minlərlə xalq mahnısı, muğam və digər musiqi nümunələri reyestrə daxil edilib və gələcəkdə bu materialların səs yazıları ilə birlikdə vahid platformada təqdim olunması planlaşdırılır.
Ekspozisiyada nümayiş olunan materiallar arasında cəbhədən yazılmış məktublar xüsusi emosional yük daşıyır. Üçbucaq formasında göndərilən bu məktublar yalnız bir dövrün deyil, həm də o dövrün insanlarının hisslərini yaşadır. Belə məktublardan biri bəstəkar Üzeyir Hacıbəyliyə ünvanlanıb və onu yazan şəxs sonradan müharibədə həyatını itirib.
Digər dramatik talelərdən biri də repressiya qurbanı olmuş pianoçu Xədicə Qayıbovanın həyatıdır. Onun sənəti ilə yanaşı, faciəli taleyi də bu ekspozisiyanın ayrılmaz hissəsinə çevrilib.
Eyni zamanda burada sənətkarların şəxsi dünyasına açılan pəncərələr də var. Məsələn, Qara Qarayevin kitablarında yazdığı qeydlər onun düşüncə tərzini, həyat fəlsəfəsini anlamağa imkan verir. Onun bir qeydi xüsusilə diqqət çəkir: insanın etdiyi yaxşılıqların onun həyatını uzatmalı olduğu fikri. Bu, sənətkarın daxili dünyasının səmimi ifadəsidir.
Muzeydə saxlanılan sevgi məktubları isə böyük sənətkarların yalnız ictimai deyil, həm də şəxsi tərəflərini üzə çıxarır. Məsələn, məşhur skripkaçı David Oistrakhın Qəmər Almaszadəyə yazdığı məktublar bu baxımdan maraqlı nümunələrdəndir.
Sonda Alla Bayramova bildirib ki, qloballaşma prosesinə baxmayaraq milli musiqinin qorunması və inkişafı hər zaman prioritet olaraq qalır. Onun sözlərinə görə, Azərbaycan musiqisi keçmişin və müasir dövrün, şərq və qərb ənənələrinin sintezində inkişaf edən canlı mədəniyyət sistemidir və bu sintez Azərbaycan musiqisini daha da zənginləşdirir və onun beynəlxalq səviyyədə tanınmasına xidmət edir.

18:15 08.05.2026
Oxunuş sayı: 39