Kunsar - "Günəşə sarı" məbədi
Üçüncü hissə - Kunsar - "Günəşə sarı" məbədi
Tarix elmləri doktoru Həsən Həsənov özünün “Qız qalası” adlı monoqrafiyasında Bakının qədim tarixi, onun müxtəlif dövrlərdə daşıdığı adlar və bu adların mənşəyi ilə bağlı geniş tədqiqat aparıb. Saytımız həmin araşdırmanı 7 hissə şəklində təqdim edirik.
Tarix elmləri doktoru Həsən Həsənov Bakının qədim adları və mifoloji kökləri ilə bağlı araşdırmalarında “Kunsar” anlayışını ayrıca istiqamət kimi təqdim edir. Bu hissədə Bakı ilə bağlı qədim əfsanələr və onların Ön Asiya mifologiyası ilə əlaqələri araşdırılır.
XIX əsrdə polyak səyyahı M. B. Anceykoviç tərəfindən, Bakıda yazıya alınmış bir əfsanəyə görə, Bakı şəhəri Xunzar adlı şəxs tərəfindən salınıb. O, Zummuriada adlı arvadı ilə birlikdə burada yaşamış, özünə möhtəşəm saray tikdirmişdi. Əfsanədə deyilir ki, Zummuriada sonradan özünü ilahi elan edir, insanlardan uzaqlaşıb dəniz kənarında yerləşən qalada tənha yaşayır.
Bu məlumat daha sonra Rusiya alimi Boris Dorn tərəfindən də təsdiqlənərək yazıya alınır və qeyd edilir ki, Bakı qədimdə “Xunzar” adlanıb.
Əfsanənin süjeti və Semiramida ilə paralellər:Xunzar və Zummuriada haqqında Bakı əfsanəsinin süjeti tədqiqatçıları Assuriya mifologiyasına aparır. Xüsusilə Semiramida ilə bağlı miflərlə ciddi oxşarlıqlar müşahidə olunur. Zummuriada adı ilə Semiramida adı arasında fonetik yaxınlıq diqqət çəkir (“Zummur” – “Semir”). Semiramida tarixi və mifoloji obraz kimi müxtəlif dövrlərdə fərqli şəxsiyyətlərlə əlaqələndirilsə də, ümumilikdə güclü, ilahiləşdirilmiş qadın hökmdar kimi təqdim olunur.
Mənbələrə görə, Semiramida: özünü ilahi elan etmiş, böyük tikililər, qalalar və məbədlər inşa etdirmiş, siyasi hakimiyyəti ələ keçirərək müstəqil hökmdara çevrilmişdir. Bu xüsusiyyətlər Bakı əfsanəsindəki Zummuriada obrazı ilə demək olar ki, üst-üstə düşür. Bakı əfsanəsi ilə Assuriya mifləri arasında bir neçə mühüm oxşarlıq var: Semiramidanın əri Nin öz adını daşıyan şəhər salmışdı; Xunzar da öz adını daşıyan şəhər – Bakı ilə əlaqələndirilir. Semiramida sağlığında özünü ilahi elan etmişdi; Zummuriada da eyni şəkildə ilahiləşdirilir. Semiramida hündür qülləli məbəd tikdirmişdi; Zummuriada isə dəniz kənarında qala tikdirib orada yaşayır. Hər iki süjetdə qadın obrazı kişi hakimiyyətini arxa plana keçirərək əsas fiqura çevrilir.
Bu miflər Bakıya necə gəlib çıxa bilər?
Araşdırmaya görə, bu kimi mifoloji məlumatların Qafqaza çatması mümkündür. Bunun bir neçə ehtimalı göstərilir:
• Assuriya yürüşləri zamanı (xüsusilə b.e.ə. IX–VIII əsrlərdə) Ön Asiya mədəni təsirləri Qafqaza qədər yayılmışdı.
• Herodotun məlumatına görə, skiflər Askalon şəhərindən keçərək Azərbaycan ərazisinə gəlib məskunlaşmışdılar. (Askalon-qədim İzrail şəhəri)
• Strabon da bu məlumatları dolayısı ilə təsdiqləyir və Qafqaz Albaniyasında falçılıq və mistik inancların mövcudluğunu qeyd edir.
Bu faktlar göstərir ki, Semiramida ilə bağlı mifoloji süjetlər müxtəlif yollarla Qafqaza və Bakıya ötürülə bilərdi.
Skif kahinləri – xüsusilə “enarey” adlanan qrup – Ön Asiya mifologiyasını yerli inanclarla birləşdirərək yeni mifoloji sistem formalaşdırmış ola bilərlər. Bu prosesdə Semiramida obrazı yerli inanclarla sintez edilərək Bakı mifologiyasına daxil edilib.
Tədqiqat nəticəsində məlum oldu ki, Misirdə Ptolemey I Soter dövründə yaradılan Sarapis kultu kimi, Bakıda da müxtəlif dini elementlərin birləşməsi müşahidə olunur. “Kunsar” sözündə iki komponent fərqləndirilir. “Kun” – türk dillərində “Günəş”, “Sar” isə Osiris ilə bağlı komponent mənasını verir. Bu baxımdan “Kunsar” “Günəş Osiris” və ya “Günəş ilahisi” kimi izah olunur. Bu da əvvəlki hissələrdə qeyd olunan “Bakhau – çıxan günəş dağı” anlayışı ilə uyğunluq təşkil edir. Araşdırmaya əsasən, Xunzar (Kunsar) və Zummuriada haqqında Bakı əfsanəsi iki fərqli mifoloji xəttin – yerli inanc sistemi ilə Semiramida haqqında Assuriya mifinin birləşməsi nəticəsində formalaşıb. Bakının ərazisi qədim Assuiriya ilə ən azı b.e.ə. 1 minillikdə mövcud idi.
Bu sintez nəticəsində yeni mif yaranıb:
• Kunsar – şəhərin banisi və Günəşlə bağlı ilahi obraz,
• Zummuriada – Böyük İlahə statusu qazanmış qadın obrazı.
Beləliklə, bu əfsanə Bakının təkcə tarixi deyil, həm də qədim dünyanın müxtəlif mədəniyyətlərini birləşdirən sakral-mifoloji mərkəz kimi qəbul edildiyini göstərir.
Həsən Həsənov,
Professor
11:00 06.05.2026
Oxunuş sayı: 211