Qarabağ məsələsi niyə yenidən gündəmə gətirilir? - Regionda sülhə mane olmaq istəyənlər kimlərdir?
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının ali nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi bir daha göstərdi ki, tərəflər arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsində inkişaf edir.
Görüşdə enerji təhlükəsizliyi, Azərbaycanın Avropaya qaz ixracının artan rolu və regionda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması kimi mühüm məsələlər müzakirə olundu.
Lakin bu müsbət fonda Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamələr müəyyən suallar doğurur. Əgər münasibətlər qarşılıqlı maraqlar üzərində qurulubsa və tərəflər əməkdaşlıqdan məmnundursa, bu cür siyasi addımların arxasında hansı səbəblər dayanır?
Bu, Avropa İttifaqı daxilində vahid mövqenin olmamasından irəli gəlir, yoxsa regionda formalaşan yeni reallıqları qəbul etmək istəməyən qüvvələrin məqsədli təsiridir?
Məhz bu ziddiyyətli məqamlar Azərbaycan-Avropa münasibətlərinə daha dərindən baxmağı və baş verən proseslərin görünən tərəfi ilə yanaşı, pərdəarxası səbəblərini də təhlil etməyi zəruri edir.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlama verib:

“Azərbaycan son illərdə Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Artıq Azərbaycan qazı Avropanın onlarla ölkəsinə ixrac olunur və bu fakt Aİ rəhbərliyi tərəfindən dəfələrlə vurğulanır. Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıdığı açıq şəkildə qeyd edilir. Lakin bu reallıq fonunda Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qərəzli bəyanatların səsləndirilməsi diqqət çəkir.
Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra yenidən “erməni məsələsi”nin gündəmə gətirilməsi, Qarabağdan köçmüş ermənilərin geri qayıdışı və mədəni irs mövzularının qabardılması faktiki olaraq süni gərginlik yaratmaq cəhdi kimi qiymətləndirilir.
Bu yanaşmanın arxasında əsasən Fransa amilinin dayandığı iddia olunur. Fransada güclü erməni diasporasının mövcudluğu və onların siyasi təsir imkanları bu mövqeyə təsir göstərir.
Fransa Prezidenti Emanuel Makron dəfələrlə regiondakı proseslərə müdaxilə edərək, Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsinə səbəb ola biləcək açıqlamalarla çıxış edib. Məqsəd kimi isə Qarabağ məsələsini yenidən beynəlxalq gündəmə qaytarmaq göstərilir”.
Politoloq əlavə edib ki, Rusiya faktorunu da nəzərə almaq lazımdır:
“Tarixən Rusiya Qarabağ münaqişəsindən həm Azərbaycana, həm də Ermənistana təsir aləti kimi istifadə edib. Münaqişənin saxlanılması və ya alovlandırılması vasitəsilə hər iki ölkə üzərində təsir imkanlarını qorumağa çalışıb.
Buna baxmayaraq, hazırkı mərhələdə Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atır. Sülh müqaviləsi paraflanıb və yaxın gələcəkdə imzalanması gözlənilir.
Ermənistan daxilində keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbul ediləcəyi və bunun da sülh prosesini sürətləndirəcəyi ehtimal olunur. Artıq tərəflər arasında iqtisadi və humanitar təmaslar da genişlənməkdədir. Azərbaycan üzərindən Ermənistana müxtəlif məhsulların, o cümlədən taxıl və gübrənin çatdırılması həyata keçirilir. Bu da qarşılıqlı etimadın formalaşdığını göstərir.
Bundan əlavə, sərhədlərin delimitasiyası istiqamətində də irəliləyiş var. Təxminən 12 kilometrlik sərhəd xətti üzrə razılaşma əldə olunub və tərəflər bu prosesi davam etdirirlər. Qarşılıqlı səfərlər və danışıqlar münasibətlərin normallaşmasına xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, artıq bir neçə aydır ki, tərəflər sülh şəraitinə uyğunlaşmağa başlayıb. Sərhəddə sabitlik müşahidə olunur, silahlı insidentlər qeydə alınmır.
Nəticə etibarilə, regionda sülhə mane olmaq istəyən müəyyən xarici qüvvələr mövcud olsa da, həm Azərbaycan, həm də Ermənistan bu reallığı anlayır və sülhün qorunmasında maraqlıdır. Qarşıdakı dövrdə Ermənistan cəmiyyətinin də düzgün seçim edəcəyi və Cənubi Qafqazda sabitliyin davam edəcəyi gözlənilir”.
Ayhan
16:30 06.05.2026
Oxunuş sayı: 68