"TurAz Qartalı-2026" təlimləri başa çatdı: Ekspert manevrlərin əhəmiyyətindən danışdı
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda baş tutan təlimin başa çatması münasibətilə iştirakçılara brifinq təqdim olunub.
Qeyd olunub ki, təlim müddətində hər iki qardaş ölkənin hərbi pilotları birgə uçuşlar həyata keçirib, verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.
Təlimdə ssenariyə uyğun olaraq, müvafiq uçuşların planlaşdırılması, Hava Hücumundan Müdafiə (HHM) vasitələrinin və digər hədəflərin yerlərinin aşkar olunması, məlumatların Birləşmiş Hava Əməliyyat Mərkəzinə ötürülməsi və onların məhv edilməsi, eləcə də digər fəaliyyətlər müvəffəqiyyətlə icra olunub.
Həmçinin heyətin fərqli şəraitlərdə uçuş bacarıqlarının artırılması, yeni texnika və silah sistemləri ilə tanışlıq məqsədilə mübadilə uçuşlarının yerinə yetirilməsi, aviasiya vasitələrindən tətbiq olunan radioelektron mübarizə şəraitində HHM vasitələrinin fəaliyyətinin qiymətləndirilməsi tapşırıqları da yerinə yetirilib.
Hərbi pilotların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün özünün ən yüksək müttəfiqlik zirvəsinə ucalmışdır. Bu dostluq və qardaşlıq təkcə siyasi müstəvidə deyil, həm də regionun təhlükəsizlik arxitekturasını müəyyən edən hərbi sahədə sarsılmaz bir sütuna çevrilib. Xüsusilə son illər hər iki ölkənin Silahlı Qüvvələrinin nümayiş etdirdiyi vəhdət, müasir dövrün çağırışlarına verilən ən kəsərli cavabdır. Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib: "Türkiyə ilə Azərbaycan arasında uzun illərdir ki, ortaq təlimlər keçirilir. Şuşa Bəyannaməsi imzalandıqdan sonra isə bu təlimlərin intensivliyi kifayət qədər artıb. Regionumuzda baş verən müharibə və münaqişələrin xarakterini nəzərə alsaq, bu təlimlərin keçirilməsinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini görə bilərik. Təbii ki, dost və qardaş xalqların orduları arasında irimiqyaslı təlimlərin keçirilməsi, yeni silahlı mübarizə metodları barədə ortaq yanaşmanın formalaşdırılması, eləcə də pilotlarımızın və təlimdə iştirak edən digər heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir və təlimin əsas hədəflərindəndir. Əsas məqsəd qardaş ölkələrin hərbi hava qüvvələrinin şəxsi heyətinin hazırlığı və döyüş qabiliyyətinin artırılması məsələsində təcrübə mübadiləsinin həyata keçirilməsidir".
Turqut Ansari
18:25 02.05.2026
Oxunuş sayı: 72