Azərbaycanın dəstəyi necə qiymətləndirildi? - İrpendən diqqətçəkən jest
Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib. Bu qərar İrpen şəhər rəhbərliyi tərəfindən Azərbaycan dövlətinin Ukraynaya, xüsusilə də müharibədən zərər görmüş bölgələrə göstərdiyi humanitar dəstəyə yüksək qiymətin ifadəsi kimi dəyərləndirilir.
Son illərdə Ukraynada davam edən müharibə fonunda Azərbaycan hökumətinin İrpen də daxil olmaqla bir sıra şəhərlərə göstərdiyi yardımlar genişmiqyaslı humanitar fəaliyyətlərlə müşayiət olunub.
Bu dəstək çərçivəsində infrastrukturun bərpası, sosial obyektlərin yenidən qurulması, həmçinin zərərçəkmiş əhali qruplarına yardım tədbirləri xüsusi yer tutur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Prezidentinə göstərilən bu münasibət, Azərbaycanın və Prezident İlham Əliyevin Ukraynaya çətin günlərdə verdiyi dəstək ilə bağlıdır.
Azərbaycan Ukraynaya humanitar yardım göstərmiş, dağıdılmış məktəblərin və səhiyyə müəssisələrinin bərpasına, eləcə də infrastrukturun yenidən qurulmasına töhfə vermişdir.
Eyni zamanda, Ukrayna uşaqlarının Azərbaycanda reabilitasiyası həyata keçirilmişdir. Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, ölkəmiz Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Bu mövqe Ukraynada da yüksək diqqət və müsbət qiymətləndirmə ilə qarşılanır".
Elmir Heydərli
11:40 01.05.2026
Oxunuş sayı: 72