Helsinkidə Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığından danışılıb
Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan tədbir keçirilib.
Tədbirdə Finlandiyanın tanınmış yazıçıları, Helsinki Universitetinin professorları, Azərbaycan diasporunun nümayəndələri və incəsənət xadimləri iştirak edib.
Tədbirin təşkilatçısı və aparıcısı, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb, bu kimi təşəbbüslərin xalqlar arasında mədəni körpülərin qurulmasına xidmət etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə şairin “Gülüstan” poemasının və 50 şeirinin Finlandiyada yaşayan yazıçı və tərcüməçi Tahirə Cəfərova tərəfindən fin dilinə tərcümə edildiyi diqqətə çatdırılıb.
Bədii hissədə şairin əsərləri həm Azərbaycan, həm də fin dillərində səsləndirilib. Pianoda Leyli Hüseynovanın müşayiəti ilə Sevinc Rüstəmova, Sabina Mirzəyeva, Sura Ağaverdiyeva və Mona Savojifarın ifaları qonaqların zövqünü oxşayıb.
Tədbirdə Xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs olunan videoçarx nümayiş etdirilib. Ülviyyə Cabbarovanın fin dilində hazırladığı bu təqdimat iştirakçılara Azərbaycan ədəbiyyatının zənginliyini daha yaxından tanımaq imkanı yaradıb.
Tədbir Azərbaycan ədəbiyyatının beynəlxalq müstəvidə tanıdılması, iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.
17:23 30.04.2026
Oxunuş sayı: 65