Beynin sirrləri üzə çıxır: "Heç nə bilmədiyimizi başa düşdük"
Beyin cərrahlarının əməkdaşlığı ilə aparılan bir araşdırma hər kəsi təəccübləndirdi. İnsan beyninin iş prinsipləri ilə bağlı məlumatlar yenidən nəzərdən keçirildi və tədqiqatçılar, "Heç nə bilmədiyimizi hiss etdik", deyərək bu prosesin detallarını paylaşdılar.
Yaddaş və öyrənmə mərkəzi olan hipokampus, məlumatların işlənməsi və nümunələrin tamamlanması proseslərində kritik rol oynayır. Lakin insan beyni, sadəcə siçan beyninin böyüdülmüş bir forması deyil. Avstriya Elm və Texnologiya İnstitutu (ISTA) Jonas Qrupu və Vyana Tibb Universitetindən beyin cərrahlarının əməkdaşlığı ilə aparılan araşdırma, insan yaddaşının necə saxlanıldığı və geri çağırıldığı ilə bağlı yeni mühüm nəticələr təqdim edir. Araşdırma, xüsusilə insan hipokampusundakı unikal xüsusiyyətlərin öyrənilməsinə yönəlib.
Jonas və komandası, epilepsiya müalicəsi üçün hipokampusun bir hissəsinin cərrahi yolla çıxarıldığı xəstələrdən əldə edilən toxumalar üzərində iş apararaq bu fərqləri aşkara çıxarıb.
Heyvan modelləri, beyin tədqiqatlarında böyük əhəmiyyətə malik olsa da, insan hipokampusu ilə bağlı bu araşdırma insan beyninə məxsus fərqlilikləri vurğulayır. Bu cür əməliyyatlar zamanı sağlam hipokampus toxumasının əldə olunması nadir bir fürsətdir. Komanda, epilepsiya xəstələrindən əldə edilən 17 sağlam toxuma nümunəsi üzərində qabaqcıl eksperimental texnikalar tətbiq edərək insan CA3 bölgəsinin bağlantılarının daha az sıx, lakin sinapslarının daha etibarlı və dəqiq olduğunu müəyyən edib.
ISTA-dan Jake Watson deyib: "Siçanlarla işləyərkən hipokampus haqqında hər şeyi bildiyimizi düşünürdüm. Lakin ilk insan nümunələrini incələdiyimdə, insan hipokampusunun fiziki quruluşu, hüceyrə təşkilatı və əlaqələri haqqında nə qədər az şey bildiyimizi anladım".
Canlı insan toxumasının əldə olunmasının nadirliyi logistik baxımdan çətinliklər yaradır. Araşdırma qrupu, əməliyyatlardan gələn toxumalar üzərində işləmək üçün digər layihələrini dərhal dayandırmaq məcburiyyətində qalır.
Tədqiqatçılar, insan CA3 şəbəkəsinin hesablayıcı qabiliyyətini modelləşdirərək, bu unikal əlaqələrin yaddaşın saxlanması və geri çağırılmasında daha effektiv olduğunu göstərib.
"Bu model vasitəsilə insan sinir şəbəkəsinin daha yüksək yaddaş tutumu təmin etdiyini sübut etdik",-deyə Jonas, insan beyninin məlumat kodlamadakı üstünlüyünə diqqət çəkir. ISTA-dan Jake Watson, "Bir səhər əməliyyat olunan xəstənin toxumasını incələyərkən, həmin an xəstənin xəstəxanada sağalmaqda olduğunu bilmək çox qeyri-adi bir təcrübə idi",- deyə vurğulayıb.
Bu araşdırma, elm adamları və səhiyyə mütəxəssislərinin insan beynini yenidən qiymətləndirməli olduğunu göstərir. Jonas, "İnsan beyni ilə bağlı aparılacaq hər bir tədqiqat bu mürəkkəb orqanı daha yaxşı başa düşməyimizə kömək edəcək," deyərək bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nərgiz Orucova
19:00 12.12.2024
Oxunuş sayı: 5946