Avropa hərb sənayesindən Azərbaycana təklif: Hərbi tərəfdaşlıq güclənir
Azərbaycanla xarici tərəfdaşlar arasında hərbi-texniki əməkdaşlıq sahəsində qurulan münasibətlər qarşılıqlı etimad və uzunmüddətli təcrübəyə əsaslanır. İstər Vətən müharibəsi dövründə sınaqdan keçmiş artilleriya sistemləri, istərsə də pilotların peşəkar hazırlığı üçün zəruri olan təlim aviasiyası bu əlaqələrin mühüm tərkib hissəsidir. Hazırda gündəmdə olan yeni nəsil hərbi texnika təklifləri Azərbaycanın müdafiə sənayesindəki cari ehtiyacları və strateji hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib.
"Azərbaycanın hərbi qüvvələri hazırda Çexiya istehsalı olan L-29 və L-39 təlim təyyarələrindən istifadə edir. Bundan başqa, Azərbaycan Çexiyadan özüyeriyən artilleriya sistemləri də əldə edib və onlardan bəzilərini Vətən müharibəsi zamanı kifayət qədər uğurla tətbiq edib. Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycan Prezidenti ilə görüşündə L-39NG tipli yeni nəsil təlim təyyarələrini Azərbaycana təklif etməsi, əslində, təəccüblü deyil. Çünki Azərbaycan bu təlim təyyarələrinin əvvəlki versiyalarından uzun illərdir ki, istifadə edir. Odur ki, zərurət yarandığı halda belə bir təklif dəyərləndirilə bilər".
Ekspert Azərbaycanın Pakistanla olan silah ticarətindən də danşıb: "Azərbaycan Pakistan istehsalı olan "Super Muşşak" təyyarələrindən də geniş istifadə edir. Nəzərə alsaq ki, Azərbaycan Pakistandan JF-17 "Thunder" Blok 3 qırıcı təyyarələrini artıq əldə edib, o zaman bizim üçün aktual olan məsələ məhz bu təyyarələri idarə edəcək pilot heyətinin hazırlanmasıdır. Lakin istənilən halda, Çexiyanın təklifini dəyərləndirmək üçün Hərbi Hava Qüvvələrinin ehtiyaclarını öyrənmək və bu kontekstdə gələn təklifləri nəzərdən keçirmək daha doğrudur".
Turqut Ansari
19:29 28.04.2026
Oxunuş sayı: 60