Nyu-York ştatı Assambleyasının üzvünün Azərbaycanla bağlı təxribatında erməni izi?
Bəzən siyasi fiqurların çıxışları real faktlara deyil, onlara dəstək verən xarici dairələrin diktəsinə əsaslanır. Nyu-York ştatı Assambleyasının üzvü Zöhran Mamdaninin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi son iddialar da məhz bu qəbildəndir. Tarixi həqiqətləri təhrif edən və erməni lobbisinin təsiri altında hazırlanan bu bəyanatlar, obyektivlikdən uzaq olmaqla yanaşı, regiondakı sülh prosesinə açıq bir hörmətsizlikdir. Pakistan əsilli bir siyasətçinin siyasi dividendlər naminə mənsub olduğu köklərdən və ədalət prinsiplərindən kənarlaşaraq bu cür qərəz nümayiş etdirməsi, məsələnin arxasındakı əsl niyyətləri ortaya qoyur.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib:
"Zöhran Mamdani prinsip etibarilə təsir imkanına malik şəxs deyil, yəni ciddi siyasi fiqur sayılmaz. Düşünürəm ki, bu cür çıxışının arxasında açıq şəkildə görünür ki, erməni lobbisinin həm dəstəyi, həm də təzyiqi var. Erməni lobbisi açıq şəkildə Mamdani öz tərəfinə çəkməyə çalışır. Çünki Mandali, prinsip etibarilə, müsəlman və Pakistan əsillidir. Pakistan əsilli bir şəxsin belə bir fikir səsləndirməsi, təbii ki, həm təəccüb, həm də təsir doğurur.
Görünən odur ki, o, artıq müsəlman anlayışından çıxıb; görünür ki, insani keyfiyyətlərini artıq siyasi dividendlərə dəyişib. Səsləndirilən iddialar açıq şəkildə göstərir ki, burada qərəz var və Mamdani, əslində, işin kökünü bilmir. Problem ondan ibarətdir".
Ekspert eyni zamanda erməni soyqırımının uydurmadan ibarət olduğuna da diqqət çəkib:
"O, 1915-ci il uydurma «soyqırımı» məsələsini gündəmə gətirir, ancaq Paşinyan özü belə deyir ki, bu, «soyqırımıdır» və hələ də tam olaraq orada nə baş verdiyi bilinmir. Bəzi arxiv sənədlərinə görə, ermənilər orada kürdləri qırıblar. Xüsusilə də 2020-ci il İkinci Qarabağ savaşı ilə bağlı boş bəyanatlar səsləndirməsi, onun hansısa güclərin təzyiqi və təsiri altında olduğunu göstərir.
O baxımdan düşünürəm ki, Mamdaninin bu hərəkətləri, yəni söylədiyi bu fikirlər bir kampaniya xarakteri daşıyır və hansısa dairələr qarşısında götürdüyü öhdəliklər kimi dəyərləndirilə bilər. O, bəlkə də Ermənistanın xəritədə yerini belə bilmir, oranı dəqiq xarakterizə edə bilməz; amma hansısa bir siyasi dividend xatirinə bu cür açıqlamalar verə bilər".
Turqut Ansari
20:20 27.04.2026
Oxunuş sayı: 67