Rəqəmsal inqilab qapımızdadır- Detallar
Süni intellekt (Sİ) artıq uzaq gələcəyin mövzusu deyil, bu günün reallığıdır. Texnologiyaların sürətli inkişafı bir çox ənənəvi peşəni sıradan çıxarmaq təhlükəsi yaratsa da, eyni zamanda yeni və daha geniş imkanlar qapısını aralayır. Qazaxıstanda fəaliyyətə başlayan və 18 yaşdan yuxarı hər kəsə ödənişsiz Sİ təhsili verən "Tomorrow School" layihəsi bu keçid dövrünün ən uğurlu nümunələrindən birinə çevrilib. Bəs Azərbaycanda əmək bazarının transformasiyasına nə dərəcədə hazırıq? Diplomların deyil, real bacarıqların ön plana çıxdığı yeni dövrdə "sıfırdan" başlamaq istəyənlər üçün bu cür praktik layihələr nə dərəcədə həyati əhəmiyyət kəsb edir?
Mövzu ilə bağlı süni intellekt mütəxəssisi Elvin Həsənov Crossmedia.az-a açıqlama verib.

"Bu tip ödənişsiz məktəblərin əsas üstünlüyü odur ki, onlar insanlara sıfırdan başlama imkanı verir. Yəni yalnız İT mütəxəssisləri yox, başqa sahələrdən olan insanlar da gəlib yeni ixtisas öyrənə bilir. Bu, xüsusilə gələcəkdə işini itirmə riski olan şəxslər üçün çox vacibdir. Çünki bazar artıq diplomdan çox, bacarıq tələb edir və bu sistem nəticədə yalnız proqramçı yetişdirmir. Əslində AI sahəsi çox genişdir. Buraya data analitika, avtomatlaşdırma, texniki dəstək, kontentlə işləmə, hətta biznes proseslərinin optimizasiyası kimi sahələr də daxildir. Yəni hər kəsin mütləq kod yazması tələb olunmur, əsas məsələ texnologiya ilə işləməyi öyrənməkdir. Nəzərə almalıyıq ki, rəqəmsallaşma sürətlənir və bir çox sahədə iş forması dəyişir. Amma burada əsas məsələ sadəcə kurs açmaq deyil. Bu proqramlar praktik yönümlü olmalıdır. Yəni insan öyrəndiyini real iş mühitində tətbiq edə bilməlidir. Əks halda bu, sadəcə nəzəri bilik olaraq qalır".
Turqut Ansari
19:04 27.04.2026
Oxunuş sayı: 46