Gernika mükafatı nəyi simvolizə edir? - mükafatın İlham Əliyevə verilməsinin əsas səbəbləri
Cənab prezident İlham Əliyev tərəfindən “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanlanan müraciət müasir beynəlxalq münasibətlər sistemində sülhün və dialoqun əhəmiyyətini ön plana çıxaran mühüm siyasi mesaj kimi diqqət çəkir.
Dövlət başçısı çıxışında bu nüfuzlu mükafata layiq görülməsini yüksək qiymətləndirərək, onu təkcə fərdi fəaliyyətə verilən dəyər deyil, eyni zamanda regionda sabitliyin və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş səylərin beynəlxalq səviyyədə tanınması kimi səciyyələndirir.
Müraciətdə tarixi yaddaş və humanitar dəyərlər xüsusi yer tutur. Gernika bombardmanı ilə bağlı xatirələr fonunda sülhün qiyməti və müharibənin ağır nəticələri bir daha vurğulanır.
Prezident, həmçinin Azərbaycan ilə Ermənistan arasında uzun illər davam edən münaqişənin aradan qaldırılması istiqamətində əldə olunan nailiyyətləri qeyd edərək, sülhün mümkünlüyünü nümayiş etdirən bu təcrübənin beynəlxalq ictimaiyyət üçün də önəmli nümunə olduğunu diqqətə çatdırır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu dünyada qəbul edilən yüksək mükafatlardan biri hesab edilir ki, çox az sayda insan buna layiq görülüb. Cənab Prezidentə bu mükafatın verilməsi onun dünyada sülhün təmin olunmasında fəal iştirakının bariz göstəricisidir.
Cənab Prezident Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə təşkilatın siyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır.
Koronavirus pandemiyası zamanı onun təşəbbüsü ilə BMT Baş Assambleyasının bu qlobal problemlə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması mühüm addım kimi qiymətləndirilir.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində dəfələrlə sülh təşəbbüsləri ilə çıxış etməsi onun konstruktiv mövqeyinin göstəricisidir.
Eyni zamanda, bu gün Azərbaycan-Ukrayna münaqişəsinin dayandırılması və problemin danışıqlar yolu ilə həllinə yönəlmiş səylərdə də Cənab Prezident nüfuzlu siyasi fiqurlardan biri kimi çıxış edir.
Cənab Prezidentin həm Qərb, həm də Şərq dünyasında yüksək nüfuza malik olması, Azərbaycanın dövlətçilik ənənələrinin və sülhə xidmət edən siyasətinin beynəlxalq miqyasda hörmət qazanmasına mühüm töhfə verir.
Bütün bunları nəzərə alaraq, bu mükafatın ona təqdim edilməsi tamamilə məntiqli və ədalətli qərardır. Biz Cənab Prezidenti bu yüksək mükafat münasibətilə təbrik edir, gələcək fəaliyyətində də beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərində önəmli rol oynamağa davam edəcəyinə inanırıq".
Elmir Heydərli
16:57 27.04.2026
Oxunuş sayı: 232