Xəzər dənizi seysmik baxımdan aktiv bölgədir - RSXM rəsmisindən Açıqlama
Ötən gün Xəzər dənizində qeydə alınan zəlzələ regionda seysmik aktivliyin davam etdiyini bir daha göstərib. Yerli vaxtla axşam saatlarında baş verən yeraltı təkanın maqnitudası sonradan dəqiqləşdirilərək 4,3 olaraq müəyyən olunub. İlkin mərhələdə açıqlanan göstəricidən fərqli nəticənin ortaya çıxması isə seysmik məlumatların daha dərindən təhlili ilə əlaqələndirilir və bu cür yenilənmələr elmi müşahidələrin təbii hissəsi hesab olunur.
Xəzər hövzəsi geoloji quruluşuna görə aktiv zonalardan biri kimi tanındığından, burada baş verən hər bir zəlzələ mütəxəssislər tərəfindən diqqətlə izlənilir. Bu cür hadisələr yalnız təbii proseslərin gedişini anlamaq baxımından deyil, eyni zamanda regionda təhlükəsizlik tədbirlərinin qiymətləndirilməsi üçün də mühüm əhəmiyyət daşıyır. Zəlzələnin gücünün yenilənməsi isə onun potensial təsirlərinin daha obyektiv şəkildə analiz edilməsinə imkan yaradır.
Baş vermiş hadisə və yaranmış suallarla bağlı RSXM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Rafiqqızı Crossmedia.az-a açıqlamasında Xəzər dənizinin seysmik baxımdan aktiv bölgə olduğunu və aktiv bölgələrdə vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alındığını qeyd edib:

"Xəzər dənizi seysmik baxımdan aktiv bölgə hesab olunur və bu tip zonalarda vaxtaşırı olaraq maqnitudası 3 və daha yüksək olan zəlzələlərin qeydə alınması təbii hal kimi qiymətləndirilir. Bu cür yeraltı təkanlar regionun geoloji quruluşu və tektonik xüsusiyyətləri ilə birbaşa bağlıdır.
Ümumilikdə, seysmik bölgələrdə zəlzələlərin baş verməsi həmin ərazinin aktiv geodinamik proseslərə məruz qalması ilə izah olunur. Buna görə də Xəzər hövzəsində müşahidə edilən zəlzələlər qeyri-adi hadisə sayılmır, əksinə, bölgənin seysmik xüsusiyyətlərinin təbii təzahürü kimi qəbul edilir".
Elmir Heydərli
09:38 27.04.2026
Oxunuş sayı: 47