Azərbaycan üçün əsas meyar milli maraqlardır - Tofiq Zülfüqarov
Ukrayna ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyarkən, Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri regional və beynəlxalq kontekstdə xüsusi diqqət mərkəzinə çevrilib.
Müasir geosiyasi şəraitdə tərəfdaşlıq imkanlarının genişləndirilməsi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi bu səfərin əsas gündəm istiqamətlərindən biri kimi dəyərləndirilir.
Qəbələdə keçirilən təkbətək görüş çərçivəsində İlham Əliyev və Zelenski arasında aparılan müzakirələrin iki ölkə arasında strateji münasibətlərin gələcək inkişafına mühüm təkan verəcəyi gözlənilir.
Bu görüş, eyni zamanda, regionda sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilir.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Birincisi, burada tərəflərin bir-birinə münasibətinin necə olacağı ikinci dərəcəli məsələdir. Azərbaycanın xarici siyasətində əsas meyar milli maraqlardır. Ukrayna ilə münasibətlərimiz hər zaman yüksək səviyyədə olub və bu, xüsusilə müharibə dövründə də açıq şəkildə nümayiş etdirilib.
Dövlət başçıları arasında ildə bir neçə dəfə görüşlərin keçirilməsi artıq formalaşmış siyasi praktikadır və bu baxımdan burada qeyri-adi bir məqam yoxdur. Əsas diqqət gündəmdə olan məsələlərə yönəlir və bu görüşlərin də konkret problemlərin həllinə istiqamətlənəcəyi gözlənilir. Hazırda Ukrayna-Rusiya münaqişəsinin hələ də gərgin olaraq qalması fonunda, tərəflər arasında siyasi həll yollarının tapılması arzuolunandır.
İkitərəfli münasibətlər kifayət qədər geniş gündəliyə malikdir və müxtəlif sahələr üzrə müzakirələrin aparılması gözləniləndir. Azərbaycanın bu münaqişədə vasitəçi rol oynayıb-oynamayacağı məsələsinə gəlincə, bunu qəti şəkildə demək çətindir. Lakin müəyyən müsbət təşəbbüslərin, xüsusilə kommunikasiya kanallarının açılması və humanitar məsələlərin həlli istiqamətində dəstəyin göstərilməsi istisna edilmir".
Elmir Heydərli
13:40 25.04.2026
Oxunuş sayı: 439