Məktəblərdə aqressiyanın qarşısı necə alınmalıdır?
Son günlər Azərbaycan məktəblərində baş verən hadisələr cəmiyyət üçün ciddi siqnal xarakteri daşıyır.
Şagirdlər arasında fiziki zorakılıq, bullinq və hətta son dərəcə təhlükəli davranış nümunələri – o cümlədən sinif yoldaşına qarşı yandırıcı maddədən istifadə kimi hallar – göstərir ki, məktəb mühitində aqressiyanın səviyyəsi artıq adi münaqişə çərçivəsini aşmaqdadır.
Ailə mühitində formalaşan davranış modelləri, sosial şəbəkələrin təsiri və məktəblərdə psixoloji dəstək mexanizmlərinin zəifliyi bu halların artmasına zəmin yaradır.
Bu baxımdan, baş verən hadisələrə yalnız reaksiya vermək deyil, onları doğuran səbəbləri kompleks şəkildə araşdırmaq və uzunmüddətli, effektiv həll yolları formalaşdırmaq zərurəti artıq qaçılmazdır.
Məsələ ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Maqistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məktəblərdə baş verən zorakılıq hallarının artması kompleks xarakter daşıyan bir problemdir və bu, bir neçə əsas istiqamətdə ciddi boşluqların mövcudluğunu göstərir.
Hesab edirəm ki, bu artımın başlıca səbəbləri sosial, psixoloji və mühit amilləri ilə bağlıdır. Ümumilikdə, şagirdlərin sosiallaşması və stressin idarə olunması bacarıqları sahəsində ciddi çatışmazlıqlar müşahidə olunur və bir çox hallarda bu problemlərin kökü ailədən qaynaqlanır.
Digər tərəfdən, sosial şəbəkələrdə zorakılıq hallarını əks etdirən görüntülərin geniş yayılması və bu kimi halların qeyri-ciddi şəkildə, sanki “qəhrəmanlıq” kimi təqdim olunması yeniyetmələr arasında təqlid meyillərini gücləndirir.
Təəssüf ki, ailədaxili münaqişələr çox zaman məktəb mühitinə də sirayət edir. Ailə daxilində formalaşan psixoloji gərginlik və travmalar, sonrakı mərhələdə yeniyetmələrin həmin davranışları məktəbə və cəmiyyətə ötürməsi ilə nəticələnir.
Məktəblərdə müəyyən nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, sistem xarakterli boşluqlar da qalmaqdadır.
Bu baxımdan, psixoloji xidmətin bir çox hallarda formal xarakter daşıması xüsusi qeyd olunmalıdır. Məktəblərdə psixoloqların sayının az olması risk qrupuna daxil olan şagirdlərin vaxtında müəyyənləşdirilməsini çətinləşdirir.
Eyni zamanda, peşəkar və ixtisaslı psixoloqlar daha çox özəl sektorda fəaliyyət göstərməyə üstünlük verirlər. Bu səbəbdən, məktəb psixoloqlarının sosial müdafiəsinin gücləndirilməsi və onların təhsil sistemində mühüm rolunun artırılması bu sahədə irəliləyiş üçün vacib addım ola bilər.
Digər mühüm məsələ isə şagirdlərin zorakılıq halları ilə bağlı məlumat verməkdən çəkinməsidir. Bir çox hallarda şikayət etmək “satqınlıq” kimi qəbul olunur. Bundan əlavə, məktəb rəhbərliyi bəzən reputasiya amilini nəzərə alaraq kiçik münaqişələri gizlətməyə çalışır ki, bu da problemlərin daha da dərinləşməsinə və ağır nəticələrə səbəb olur.
Bununla yanaşı, bir sıra məktəblərdə peşəkar mühafizə xidmətinin və bütün əraziləri əhatə edən müşahidə (kamera) sistemlərinin olmaması nəzarətsiz zonaların yaranmasına gətirib çıxarır.
Real nəticələrin əldə olunması üçün bir sıra konkret addımların atılması zəruridir. Məktəblərdə sadə gözətçilər deyil, yeniyetmələrin davranış xüsusiyyətlərini bilən peşəkar mühafizə xidmətləri fəaliyyət göstərməlidir. Bu məqsədlə Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının və ya lisenziyalı özəl mühafizə xidmətlərinin cəlb edilməsi məqsədəuyğun hesab olunur.
Eyni zamanda, məktəblərdə kəsici və deşici alətlərin daxil edilməsinin qarşısını alan texniki vasitələrin tətbiqi vacibdir. Psixoloqların sayı şagirdlərin sayına uyğun şəkildə artırılmalı və mütəmadi olaraq, məsələn, hər yarım ildən bir şagirdlərin aqressiya səviyyəsini əks etdirən qiymətləndirmələr aparılmalıdır.
Digər vacib addımlardan biri şagirdlərin zorakılıq və təhdid halları barədə anonim şəkildə məlumat verə biləcəyi etibarlı mexanizmlərin yaradılmasıdır.
Bununla yanaşı, valideyn məsuliyyəti artırılmalı, bullinq və zorakılıq hallarına görə tətbiq olunan intizam tədbirləri və cərimələr real və çəkindirici xarakter daşımalıdır.
Nəhayət, müəllimlərin münaqişələrin qarşısını vaxtında və effektiv şəkildə almaq üçün xüsusi deeskalasiya təlimlərinə cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Bu cür təlimlər müəllimlərə gərginliyi operativ şəkildə azaltmaq, düzgün qərarlar qəbul etmək və hadisələrin böyüməsinin qarşısını almaq baxımından mühüm bacarıqlar qazandıracaqdır".
Elmir Heydərli
16:58 24.04.2026
Oxunuş sayı: 296