Azərbaycan ordusu hər an hazır olmalıdır: Regionda baş verən hadisələr göstərir ki...
Azərbaycan Respublikasında müdafiə qabiliyyətinin gücləndirilməsi və ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq təlim toplanışları təşkil olunur. Bu baxımdan, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində keçirilən növbəti təlim toplanışı da mühüm əhəmiyyət daşıyır. Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi bu tədbir, ehtiyatdan çağırılmış şəxsi heyətin həm nəzəri biliklərinin artırılmasına, həm də praktiki bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycan ordusunda davamlı olaraq müxtəlif səviyyələrdə təlimlər həyata keçirilir:

“Əsgərlərimizin, hərbçilərimizin fərdi hazırlığından başlayaraq qrup, tağım, bölük, tabur, hərbi hissə və bütövlükdə ordu, eləcə də ayrı-ayrı qoşun növlərinin hazırlığı sistemli şəkildə təmin olunur. Bu baxımdan təlimlər xüsusi əhəmiyyət daşıyır. Hərbçilərimiz nəzəriyyədə öyrəndiklərini məhz təlimlər zamanı tətbiq edir və bütün biliklər praktik müstəvidə yoxlanılır”.
Ekspert qeyd edib ki, təlimlər müharibədən sonrakı dövrdə ordunun hazırlıq səviyyəsini göstərən əsas amillərdən biridir:"Azərbaycan ordusunun xüsusi təyinatlıları dünya ordularının xüsusi təyinatlıları arasında ən seçilənlərdəndir, müxtəlif beynəlxalq hərbi yarışlarda və təlimlərdə öncül yerlər tutublar. 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində bizim xüsusi təyinatlılarımız yüksək səviyyədə iştirak edib. Ordumuz xalqımızın qürur mənbəyidir, xüsusi təyinatlılar da qürur mənbəyidir. İlham Əliyevın imzaladığı plana uyğun olaraq hər il ayrı-ayrı qoşun növləri arasında və bütövlükdə Silahlı Qüvvələr üzrə təlimlər keçirilir.
Eyni zamanda qardaş ölkələrlə – Türkiyə və Pakistanla birgə təlimlər keçirilir. Bu təlimlər çox vacibdir.
Regionda və dünyada baş verən proseslər göstərir ki, hər an hazırlıqlı ordu olmalıdır, ordu daim bir nömrəli hazırlıq vəziyyətində saxlanılmalıdır. Buna görə də ordumuz qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün bu cür yüksək hazırlıqlı təlimlər həyata keçirir ki, hər zaman yüksək hazırlıq vəziyyətində olsun".
Mehriban Yariyeva
15:08 22.04.2026
Oxunuş sayı: 66