Orta dəhliz Azərbaycan prioritetlərindəndir - Politoloq
Qlobal nəqliyyat və ticarət marşrutlarında sürətlə dəyişən vəziyyət Orta dəhlizin əhəmiyyətini daha da artırır. Bu layihə region ölkələri üçün yeni imkanlar və çağırışlar yaradır. Bu kontekstdə Azərbaycanın tranzit və logistika mərkəzi kimi rolu da getdikcə güclənir.

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib: "Orta dəhliz məsələsi Azərbaycan dövlətinin və hökumətinin daim gündəmindədir. Demək olar ki, bu məsələ Azərbaycan diplomatiyasının məharəti nəticəsində gündəmə gəlib. Xatırladaq ki, 44 günlük müharibədən dərhal sonra meydana gəlmiş üçtərəfli bəyanatda ilk dəfə bəlli oldu ki, Zəngəzur dəhlizi proseslərdən kənarda qala bilməz. Bu o, deməkdir ki, Azərbaycan təkcə bölgənin deyil, həm də bölgələrarası problemlərin həllinə yaxından diqqət yetirirdi. Bu, Prezident İlham Əliyevin yanaşmasının, yəni konseptual yanaşmasının bir təzahürüdür. Azərbaycan üçün ona görə vacibdir ki, ölkə öz rolunu regionda birləşdirici halqa kimi görür".
Politoloqun sözlərinə görə, Cənubi Qafqaz özünü Avrasiya məkanında vacib kommunikasiya bölməsi kimi görür və anlayır ki, böyük ticarət proseslərində maneələr və risklər olduqca güclüdür: "Azərbaycan bu prosesdə özünü demək olar ki, nümunə kimi göstərir. Zaman elə bir zamandır ki, Uzaq Şərqdən başlayaraq Avropaya qədər marşrutlar cızılıb. Onların arasında işlək olanı da, zəifləyəni də var, perspektivi olan da var. Amma əsas məsələ ondan ibarətdir ki, bugünün və yaxın gələcəyin proseslərini indi müəyyənləşdirmək və düzgün yönləndirmək lazımdır. Azərbaycan buna görə öz ərazisində həm enerji habı, həm də nəqliyyat marşrutlarının habını təsis edib, onları şaxələndirib və özünə məxsus inkişaf modelini nümayiş etdirir. Məqsəd gələcəyin çağırışlarına hazır olmaqdır. Yəni proseslərin önündə getmək lazımdır, arxasında yox. Danışıqların mahiyyəti ondan ibarətdir ki, biz öz aramızda logistika və yerüstü proseslərdə elə bir ahəngdarlıq təmin edək ki, bu, həm bugünkü tələblərə cavab versin, həm də gələcək artan tələbatı qabaqlaya bilsin. Türk Dövlətləri Təşkilatının ümumilikdə Avrasiya məkanındakı yeri, rolu və funksiyaları, demək olar ki, əvəzolunmazdır. Biz Uzaq Şərqlə Avropa arasında vacib bir məkanı əhatə edirik və əsas məsələ bu birləşdirici funksiyanı qoruyub saxlamaqdır. Bir tərəfdən tranzit marşrutlarında ahəngdar rejim qurulmalıdır, digər tərəfdən isə bundan iqtisadi fayda əldə edilməlidir".
T. Abbasov əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanda və Cənubi Qafqazda yaradılan model daha da genişləndirilməlidir: "Çünki coğrafi mövqe bizə böyük imkanlar açır və biz geniş miqyasda fəaliyyət göstərməliyik ki, həm şərqə, həm qərbə, həm şimala, həm də cənuba çıxışlarımız olsun. Siyasi dialoq və iqtisadi əməkdaşlıq mexanizmləri bu imkanların reallaşması üçün böyük perspektiv yaradır. Xəzər dənizi vaxtilə maneə kimi görünürdüsə, indi birləşdirici funksiyaya malikdir və intermodal daşımalar üçün həm quru, həm də dəniz imkanları istifadə olunur. Xəzərin su səviyyəsində dəyişiklik ehtimalları olsa da, bu, planlaşdırılmış layihələrdən imtina etmək üçün əsas deyil. İntermodal daşımalar mühüm rol oynayır. Azad Ticarət Limanının inkişafı mərhələli şəkildə həyata keçirilir və bu sahəyə yatırılan investisiyalar artan həcmlərə uyğunlaşma zərurətini göstərir. Bu, bir tərəfdən rasional potensial yaradır, digər tərəfdən isə Azərbaycanın beynəlxalq əməliyyatlarda aktiv iştirakçı olduğunu nümayiş etdirir. Dövlət başçısının yanaşması da ondan ibarətdir ki, Azərbaycan beynəlxalq aləmdə mövqeyini gücləndirərək mühüm aparıcı rol oynayır. Eyni zamanda çeviklik və mobil mövqe ölkəyə nümunəvi üstünlük qazandırır".
Fatimə Məmmədova
18:42 21.04.2026
Oxunuş sayı: 57