Bakı metrosunda nə baş verib?
Paytaxtın ən sıx istifadə olunan nəqliyyat vasitələrindən biri olan metroda bu gün baş verən hadisə ictimaiyyətin diqqətini bir daha şəhər nəqliyyatında təhlükəsizlik və texniki etibarlılıq məsələlərinə yönəltdi.
Sərnişinlərin gündəlik həyatında mühüm yer tutan bu sistemdə baş verən hər hansı insident təbii olaraq geniş müzakirələrə səbəb olur və müxtəlif ehtimalların irəli sürülməsi ilə müşayiət olunur.
Mövcud şəraitdə belə hadisələrə yanaşarkən soyuqqanlılıq və obyektiv qiymətləndirmə xüsusi əhəmiyyət daşıyır.
Xüsusilə, strateji əhəmiyyətli obyektlərdə baş verən halların səbəblərinin düzgün təhlili həm ictimai rəyin formalaşması, həm də təhlükəsizlik məsələlərinə real yanaşmanın təmin edilməsi baxımından vacibdir.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bakı Metropolitenində baş verən bu hadisənin texniki xarakter daşıdığını düşünürəm. Zaman-zaman belə nasazlıqların baş verməsi mümkündür və mövcud vəziyyətdə hər hansı terror təhlükəsindən söhbət getdiyini düşünmək üçün əsas yoxdur.
Doğrudur, Azərbaycanın yerləşdiyi region müəyyən geosiyasi gərginliklərlə xarakterizə olunur. ABŞ-İran münasibətləri, eləcə də İranda bəzi qüvvələrin anti-Azərbaycan ritorikası ayrıca müzakirə mövzusudur. Lakin bütün bunlara baxmayaraq, metropolitendə baş verən hadisəni terrorla əlaqələndirmək düzgün yanaşma deyil.
Qeyd etmək lazımdır ki, vaxtilə Azərbaycan metrosunda terror hadisələri baş verib. Buna baxmayaraq, hazırda ölkənin təhlükəsizlik qüvvələri strateji obyektlərin, o cümlədən metronun mühafizəsini yüksək səviyyədə təşkil edir. Bu sahədə görülən preventiv tədbirlər və tətbiq olunan təhlükəsizlik proqramları mümkün risklərin qarşısını almağa yönəlib.
Bu səbəbdən hesab edirəm ki, baş verən hadisə hər hansı terror təhlükəsi ilə bağlı deyil, daha çox texniki nasazlıq və ya ehtiyatsızlıq nəticəsində yaranmış bir vəziyyətdir".
Elmir
16:47 21.04.2026
Oxunuş sayı: 1519