Vüqar Bayramov: Türkiyə ilə əməkdaşlıqda qeyri-neft sahəsi mühüm əhəmiyyət kəsb edir
Azərbaycanın Türkiyə ilə əlaqələrində qeyri-neft ixracatında əməkdaşlıq çox önəmlidir, çünki Türkiyə Azərbaycanın qeyri-neft ixracatında 11,6 %-lik payla ikinci ən böyük tərəfdaşıdır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında iqtisadi və strateji münasibətlərin daha da dərinləşməsi müşahidə olunur: "2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard 720 milyon ABŞ dolları olub. Eyni zamanda, ticarət dövriyyəsində Azərbaycanın 1 milyard 34 milyon dollarlıq müsbət saldosu var. Bu ondan xəbər verir ki, ikitərəfli xarici qarşılıqlı ticarət əlaqələrində Azərbaycan qardaş Türkiyəyə daha çox məhsul ixrac edir".
Deputat əlavə edib ki, Azərbaycan ixracatının 13,5 %-i Türkiyənin payına düşür: "Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının 16,5 %-i məhz qardaş dövlətin payına düşür".
V.Bayramov vurğulayıb ki, münasibətlər yalnız xarici ticarət dövriyyəsində özünü əks etdirmir, eyni zamanda sərmayə qoyuluşları daxil olmaqla fərqli proqramların icra olunması, qarşılıqlı olaraq investisiya qoyuluşlarının həcminin artmasında da özünü göstərir: "İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirib, Türkiyədən Azərbaycan iqtisadiyyatına 18 milyard dollara yaxın investisiya cəlb edilib. Bütün bunlar hər iki ölkənin sərmayələri hesabına ölkələrin iqtisadi inkişafına və eyni zamanda yeni iş yerlərinin yaradılmasına töhfədir".
11:52 21.04.2026
Oxunuş sayı: 60