Piyada tıxacları - Bakıda şəhərsalma niyə səkilərdən başlamır?
Bu il “Memarlıq və Şəhərsalma ili”nin elan olunması fonunda Azərbaycanda urban inkişaf məsələləri yenidən diqqət mərkəzinə çevrilib.
Xüsusilə, paytaxt Bakıda həm infrastrukturun yenilənməsi, həm də şəhər mühitinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar bu sahədə sistemli yanaşmanın formalaşdığını göstərir.
Lakin şəhərsalma yalnız iri layihələr və qlobal dəyişikliklərlə məhdudlaşmır. Gündəlik həyatın ayrılmaz hissəsi olan səkilər, piyada hərəkəti, yol infrastrukturu və şəhər estetikasına təsir edən xırda detallar da bu prosesin vacib elementlərindəndir.
Mövcud problemlərin kompleks şəkildə həlli isə həm dövlət qurumlarının fəaliyyəti, həm də mütəxəssislərin və ictimaiyyətin aktiv iştirakı ilə mümkün görünür.
Mövzu ilə bağlı memar Cahid Həsənov Crossmedia.az-a açıqlama verib:

"Bu ilin “Memarlıq və Şəhərsalma ili” elan olunması və beynəlxalq şəhərsalma forumunun keçirilməsi ümumilikdə bizə ciddi bir zəmin yaradır ki, memarlıq və şəhərsalmanın bütün sahələri yenidən nəzərdən keçirilsin və qurulsun. Burada söhbət ondan getmir ki, bütün işlər 2 ayda, 5 ayda və ya 6 ayda tam şəkildə başa çatdırılsın.
Əsas məsələ layihələndirmənin aparılması, təkliflər paketinin hazırlanması və mövcud problemlərin aradan qaldırılması üçün mərhələli həll yollarının müəyyən edilməsidir.
Bu prosesdə yalnız aidiyyəti dövlət qurumları deyil, eyni zamanda müstəqil memarlar, mühəndislər və memarlıq şirkətləri də aktiv şəkildə iştirak edə bilərlər.
Onlar öz təkliflərini hazırlayıb təqdim etməlidirlər və bu baxımdan artıq imkanların, “qapıların” açıldığını demək olar. Məsələn, bu ilin əvvəlində – yanvar ayında Bakının hələ sovet dövründə qurulmuş və bugünkü tələblərə cavab verməyən kanalizasiya sisteminin yenilənməsi ilə bağlı addımların atılması mühüm nailiyyətlərdən biridir.
Vaxtilə təxminən 1 milyon əhali üçün nəzərdə tutulmuş bu sistem bu gün artıq 4 milyona yaxın əhalinin yükünü daşımaq imkanında deyil. Həm texniki baxımdan köhnəlməsi, həm də istismar müddətinin başa çatması səbəbindən onun yenidən qurulması zəruri idi və bu istiqamətdə görülən işlər ümumi şəhərsalma baxımından böyük əhəmiyyət daşıyır".
Cahid Həsənov qeyd edib ki, bütün işlərin yalnız dövlət səviyyəsində həyata keçirilməsi və bəzi hallarda gecikdirilməsi düzgün yanaşma deyil:
"Paralel olaraq, ictimai müzakirələr aparılmalı, mediada bu məsələlər işıqlandırılmalı və müstəqil ekspertlərin rəyləri nəzərə alınmalıdır. Çünki bu sahədə çalışan mütəxəssislər gündəlik həyatlarında bu problemlərlə üzləşir və real vəziyyəti daha yaxşı görürlər.
Bu gün Bakıda tıxac problemi ilə yanaşı, ciddi piyada problemləri də mövcuddur. Bir çox ərazilərdə səkilər çox dardır. Üstəlik, ticarət obyektlərinin pillələri, iri gövdəli işıq dirəkləri və digər maneələr səkini daha da daraldır.
Nəticədə, piyadalar rahat hərəkət edə bilmir, hətta bəzən yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalırlar.
Bu isə artıq “piyada tıxacları”nın yaranmasına səbəb olur. Belə problemlərin də həlli mütləq şəkildə düşünülməlidir. Zərurət yaranarsa, bəzi ərazilərdə əlavə torpaq sahələri ayrılaraq səkilər genişləndirilməlidir.
Çünki şəhərsalma yalnız hündürmərtəbəli binaların tikilməsi ilə məhdudlaşmır. Əksinə, şəhərsalma ən sadə elementlərdən – səkilərdən başlayır. Bəzən memarlıq və şəhərsalma deyəndə yalnız böyük layihələr – çoxmərtəbəli binalar, iri komplekslər nəzərdə tutulur.
Halbuki, sovet dövründən qalan “xruşovka” və “stalinka” tipli binaların sökülməsi, onların yerində yaşıllıq zolaqlarının salınması kimi layihələr də vacibdir.
Amma bununla yanaşı, daha kiçik, lakin gündəlik həyat üçün həyati əhəmiyyət daşıyan məsələlər də diqqətdən kənarda qalmamalıdır.
Məsələn, səkilərdə yerləşdirilən işıq dirəklərinin ölçüləri və yerləşdirilməsi ciddi şəkildə tənzimlənməlidir. Dar səkilərdə iri diametrli dirəklərin quraşdırılması piyadalar üçün əlavə çətinlik yaradır. Bu sahədə konkret normativlər hazırlanmalı və tətbiq olunmalıdır".
Memar son olaraq əlavə edib ki, eyni zamanda, bordürlərin hündürlüyü də standartlara uyğun olmalıdır:
"Bəzi yerlərdə bordürlər o qədər hündür olur ki, nəqliyyat vasitələrinin qapıları açılarkən problem yaradır və insanların hərəkətini çətinləşdirir. Bu kimi məsələlər küçə-küçə, prospekt-prospekt üzrə qaydalarla tənzimlənməlidir.
Digər vacib məqamlardan biri isə səki örtükləridir. İqlim şəraiti nəzərə alınaraq sürüşkən materiallardan istifadə edilməməlidir.
Xüsusilə də, özəl obyekt sahibləri – mağaza və kafelər qarşısında müxtəlif materiallardan istifadə edir, nəticədə qısa bir məsafədə fərqli örtüklər, rənglər və səthlər yaranır. Bu isə həm estetik baxımdan uyğunsuzluq yaradır, həm də təhlükəsizlik baxımından risklidir.
Bütün bu məsələlər vahid qaydalar əsasında tənzimlənməli, şəhər mühitində həm funksionallıq, həm də təhlükəsizlik təmin olunmalıdır.
Ümumilikdə isə demək olar ki, memarlıq və şəhərsalma yalnız iri layihələr deyil, eyni zamanda insanların gündəlik həyat keyfiyyətini müəyyən edən ən xırda detallardan başlayır və məhz bu detallara diqqət yetirilməsi ümumi inkişafın əsasını təşkil edir".
Ayhan
12:00 20.04.2026
Oxunuş sayı: 15