Türkiyədəki məktəb faciəsi - cəmiyyət bu hadisədən hansı dərsi çıxarmalıdır?
Türkiyədə baş verən və bir məktəblinin 8 şagirdi və bir müəllimi qətlə yetirməsi ilə nəticələnən faciə cəmiyyətin ən həssas nöqtələrinə toxunan ciddi siqnal kimi dəyərləndirilməlidir.
Hadisənin ilkin olaraq psixoloji səbəblərlə əlaqələndirilməsi isə məsələni təkcə fərdi davranış çərçivəsində deyil, daha geniş – sosial, ailə və təhsil mühiti kontekstində araşdırmağı zəruri edir.
Çünki bu cür ekstremal zorakılıq aktları əksər hallarda uzun müddət yığılan emosional gərginlik, diqqətsizlik, sosial təcrid və düzgün istiqamətləndirilməmiş psixoloji problemlərin nəticəsi kimi ortaya çıxır.
Müasir dövrdə uşaqların psixoloji sağlamlığı təkcə ailənin deyil, eyni zamanda məktəbin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyət sahəsinə çevrilib. Valideynlərin övladlarının davranışlarındakı dəyişiklikləri vaxtında müşahidə etməsi, müəllimlərin isə şagirdlərlə ünsiyyətdə həssas və diqqətli yanaşması bu kimi halların qarşısının alınmasında əsas rol oynayır.
Digər tərəfdən, hüquqi aspektdən yanaşdıqda, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi, risk qrupuna daxil olan uşaqların erkən mərhələdə müəyyənləşdirilməsi və preventiv tədbirlərin həyata keçirilməsi dövlətin və aidiyyəti qurumların üzərinə düşən mühüm öhdəliklərdəndir.
Bu faciə bir daha göstərir ki, uşaqların daxili dünyasına biganə qalmaq, onların yaşadığı psixoloji gərginlikləri görməzdən gəlmək cəmiyyət üçün ağır nəticələr doğura bilər.
Ona görə də valideyn, müəllim və hüquqi institutların koordinasiyalı fəaliyyəti yalnız təhsil mühitinin deyil, ümumilikdə ictimai təhlükəsizliyin qorunmasının əsas şərtlərindən biri kimi çıxış edir.
Crossmedia.az mövzu ilə bağlı araşdırma aparıb:
Psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov:
"Bu kimi görüntülər təkcə kriminal hadisə deyil, eyni zamanda cəmiyyətin psixoloji sağlamlığı üçün ciddi siqnaldır. Rəqəmsal mühitdə zorakılığın “xidmət” kimi təqdim olunması uşaqların və yeniyetmələrin reallıq qavrayışını təhrif edir, empatiyanı zəiflədir və aqressiyanı normallaşdırır.
Qardaş Türkiyə Respublikasında baş verən bu tip hadisələr göstərir ki, məsələ artıq fərdi deyil, sistemli profilaktika tələb edən sosial-psixoloji problemdir. Uşaqlar və yeniyetmələr xüsusilə həssas qrupdur. Onlar gördüklərini tez modelləşdirir, risk və nəticə arasındakı əlaqəni tam qiymətləndirə bilmirlər.
Sosial şəbəkələrdə bu tip kontentlə tez-tez qarşılaşmaq “desensitizasiya” yaradır – yəni zorakılığa emosional reaksiya zəifləyir və bu davranışlar adi kimi qəbul olunmağa başlayır. Bu isə gələcəkdə həm davranış risklərini artırır, həm də təhlükəli qrupların təsirinə düşmə ehtimalını yüksəldir.
Valideynlərin rolu burada həlledicidir. İlk növbədə nəzarət yox, əlaqə və etibar əsas prinsip olmalıdır. Uşaq bilməlidir ki, gördüyü hər hansı narahatedici məzmunu valideynlə paylaşa bilər və buna görə cəzalandırılmayacaq.
Evdə açıq ünsiyyət mühiti qurulmalıdır. Valideyn uşağa sadəcə “baxma” demək əvəzinə, bu cür paylaşımların niyə təhlükəli olduğunu izah etməli, real həyatda bunun hüquqi və insani nəticələrini müzakirə etməlidir. Rəqəmsal gigiyena qaydaları tətbiq olunmalıdır.
Yaşa uyğun kontent filtrləri, ekran vaxtının tənzimlənməsi və sosial media istifadəsinə dair aydın qaydalar müəyyən edilməlidir. Lakin bu qaydalar sərt qadağa formasında deyil, izahlı və razılaşdırılmış şəkildə qurulmalıdır ki, uşaq gizli istifadə vərdişi formalaşdırmasın".
E.Rüstəmov əlavə edib ki, valideynlər uşağın davranışında dəyişiklikləri diqqətlə izləməlidir:
"Aqressiyanın artması, qəfil qapanma, gizli yazışmalar, riskli qruplara maraq kimi siqnallar varsa, bu artıq profilaktik deyil, müdaxilə tələb edən mərhələdir. Belə hallarda məktəb psixoloqu və ya mütəxəssis dəstəyi vacibdir.
Eyni zamanda, uşaqlara tənqidi düşünmə və media savadlılığı öyrədilməlidir. Uşaq anlamalıdır ki, internetdə gördüyü hər şey real və ya “normal” deyil. Onlara təhlükəli manipulyasiya üsulları, anonim qrupların riskləri və şəxsi təhlükəsizlik qaydaları izah olunmalıdır.
Bu məsələ yalnız ailənin deyil, məktəbin və cəmiyyətin də məsuliyyətidir. Məktəblərdə rəqəmsal təhlükəsizlik, zorakılığın psixologiyası və emosional tənzimləmə mövzularında maarifləndirici proqramlar keçirilməlidir. Uşağa alternativ sağlam fəaliyyətlər – idman, yaradıcılıq, sosial layihələr təqdim olunmalıdır ki, riskli mühitlərə yönəlmə ehtiyacı azalsın.
Belə halların qarşısını yalnız texniki məhdudiyyətlərlə almaq mümkün deyil. Əsas həll yolu valideyn-uşaq münasibətinin gücləndirilməsi, düzgün psixoloji maarifləndirmə və rəqəmsal mühitdə sağlam davranış modelinin formalaşdırılmasıdır. Uşaq nə qədər güclü emosional dayaq və düzgün istiqamət görərsə, bu cür təhlükəli təsirlərə qarşı bir o qədər davamlı olar".
Professor Elza Mollayeva:

"Son günlərdə qardaş Türkiyədə 8 nəfər şagirdin və müəllimin ölümü ilə nəticələnən, həmin məktəbin şagirdi tərəfindən törədilən silahlı insident yalnız qardaş ölkə üçün deyil, eyni zamanda, bütün dünya, lokal aspektdən isə bizim üçün təhlükəli bir mesajdır.
Bu hadisə cəmiyyətdə gedən sosial proseslərə, onların həllinə diqqətin artırılmasının vacibliyini ortaya qoyur. Aydın məsələdir ki, müasir dövrdə güclü informasiya axını əsas sosial amillərdən biridir. Burada internetin rolu xüsusilə spesifikliyi ilə seçilir və o, insanlar üçün yeni anlayışlar, standartlarla müəyyənləşir.
Müasir dövrdə İnternetin qloballaşma prosesində artan rolunu hamımız görürük və hiss edirik. Bu proses uşaqlardan da yan keçmir və demək olar ki, bütün yaş dövründən olan uşaqlar virtual aləmin təsiri altına düşür.
Bu çox vaxt ən böyük problemlərdən biri olan, insanların təhlükəsizlik standartlarına cavab verməyən, onun psixoloji-sosial və mənəvi deformasiyasına güclü təsir göstərən internet asılılığı ilə nəticələnir.
Cəmiyyətdə ən çox narahatlıq doğuran hadisələr içərisində uşaqların öz həmyaşıdlarına qarşı törətdikləri cnayət hadisəsi və onların fərdi və ya qrup şəklində suisidə-intihara cəlb edilməsidir. Uşaqlar içəridində yeniyetmə yaş qrupu daha çox belə hadisələrin iştirakçısı qismində olur və bu çətin, böhranlı yaş dövrünün psixoloji xüsusiyyətlərindən istifadə edən cinayətkarlar, onlara sosial şəbəkə üzərindən birbaşa təsir edirlər.
Təsirin gücünü artırmaq üçün, eyni zamanda, güclü stress yaradacaq şəkillərə, videofilmlərə baxmağı, filmlərin müzakirəsində iştirak etməyi təklif edirlər. Bu proses bununla da bitmir, kibercinayətkarlar uşaqların özü ilə mütəmadi söhbət edir, bu zaman onun maraq dairəsi, mənsub olduğu ailədə şəxsiyyətlərarası münasibətlər, ailəsinin sosial vəziyyəti haqqında ətraflı məlumat toplamaqla onun psixikasına daha güclü təsir imkanları əldə edirlər.
Baş verən faciə bir daha sübut edir ki, böyüməkdə olan nəslin internet məkanında təhlükəsizliyi həm valideyinlərin, həm məktəbin, həm də ümumilikdə cəmiyyətin prioritet vəzifələrindən biri kimi qəbul edilməlidir.
Bu məsələ cəmiyyətin aparıcı strukturları, sosial institutların daim diqqət mərkəzində saxlanılmalıdır və qabaqlayıcı profilaktik tədbirlər hazırlanmalıdır. Aydın məsələdir ki, heç bir valideyin uşaqlarının internetdə qadağan olunmuş sayta girməsindən sığortalanmayıb.
Cəmiyyətin getdikcə artan informasiya tələbatının ödənilməsində, insanların bütün məlumatlara asanlıqla çıxa bilməsi müsbət hal kimi qiymətləndirilsə belə, internetin, qlobal sosial şəbəkənin gənc nəslə neqativ təsirini diqqətdən kənar qoymaq olmaz. Burada üzərimizə düşən vəzifələr nədən ibarətdir?
Bu qəbildən olan hadisələrin qarşısını almaq üçün valideyinlər, müəllimlər uşaqlara, onlara tanış olmayan insanlara etibar etməməyi təlqin etməlidirlər. Bəs uşaqların qlobal internetdə kibercinayətkarlardan qorunması üçün hansı proqramlardan istifadə məqsədəuyğundur? Bunlardan “KinderGate-Valideyin nəzarəti” proqramı daha məqsədəuyğun, mobil və etibarlıdır".
Ekspert əlavə edib ki, bu proqramlar internetə qoşulan bütün yaş qrupundan olan uşaqların zorakılıq və narkomaniyanı təşviq edən saytlara girişinin qarşısını almaq üçün girişi bloklayır:
"Bununla bərabər, valideyin övladının virtual məkanda nə qədər vaxt keçirməsinin cədvəlini də qura bilir və onun virtual məkana daxil olub, çıxmasını görə bilir.
Uşaqların kibertəhlükəsizliyi baxımından “Kiber Ata” və “KiberAna” internet filtrləri əhəmiyyətlidir. Bunlar vasitəsilə uşaqların ancaq öz yaş qrupuna aid saytlara, oyunlara qoşulması valideyinlər tərəfindən tənzimlənir və nəzarət edilir.
“Qoqul” adlı uşaq İnternetində müxtəlif uşaq saytları fəaliyyət göstərir və burada uşağın internetdə nə qədər vaxt keçirəcəyi valideyin tərəfindən müəyyən edilir.
Onun vaxtını valideyin tənzimləyir və uşağın hansı saytlarda olması haqqında hesabata malik olur. Belə proqramların siyahısını uzatmaq olar.
Nəticə olaraq demək olar ki, uşaqların internet şəbəkələrindən virtual asılılığının qarşısının alınması, onların kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində səmərəliliyin əldə edilməsi üçün düzgün sosial-pedaqoji yanaşma müəyyən edilməlidir.
Bu həm ailənin, həm məktəbin, həm də cəmiyyətin ümumi problemi kimi qəbul edilməlidir və hər üç təsisat bu problemin aradan qaldırılması üçün öz qüvvələrini birləşdirməli, sıx əməkdaşlıq etməlidir. Uşaq və gənclərin internet asılılığına məruz qalmaması, kibertəhlükələrə qarşı müqavimət göstərməsi üçün onların Qlobal internet məkanından sosial-pedaqoji cəhətdən düzgün istifadə qaydalarını mənimsəmələri günümüzün ən aktual, həlli vacib olan məsələlərindən biridir.
Bu sahədə kibercinayətkarlığın qarşısını ala biləcək təhlükəsizlik proqramlarının təkmilləşdirilməsi və onların sayının artırılması arzuolunan məsələlərdən biridir.
Bu istiqamətdə gələcək faciələrin qarşısını almaq üçün valideyinlər arasında maarifləndirmə işini də diqqətdən kənar qoymaq olmaz".
Sosioloq Rəvan Əliyev:

"Sosial şəbəkələrdə iğtişaş və cinayətə çağırış edən qruplaşmaların yaranması müasir dövrün ciddi sosial problemlərindən biridir. Bu hallar əsasən gənclər arasında informasiya savadlılığının zəif olması, emosional təsirə açıq mühit və anonimlik imkanları ilə bağlıdır.
Belə qruplar insanların narazılıq və ya sosial gərginlik hisslərini manipulyasiya edərək onları qanunsuz fəaliyyətlərə yönləndirməyə çalışırlar. Bu, həm sosial nəzarət mexanizmlərinin zəifləməsi, həm də rəqəmsal mühitdə məsuliyyət hissinin azalması ilə izah olunur. Problemin qarşısını almaq üçün maarifləndirmə işləri gücləndirilməli, xüsusilə gənclər arasında tənqidi düşüncə və media savadlılığı artırılmalıdır.
Eyni zamanda, valideyn, məktəb və dövlət institutlarının birgə dayanacağa fəaliyyəti bu kimi risklərin azaldılmasında mühüm rol oynayır".
Hüquqşünas Ramil Süleymanov:

"Qanunvericilikdə konkret olaraq bu məsələ ayrıca bir norma kimi nəzərdə tutulmayıb. Bu, daha çox hər hansı bir cinayətin törədilməsi zamanı azyaşlılardan istifadə edilməsi kimi qiymətləndirilir.
Yəni, ümumi yanaşmada bu hal cinayətin törədilməsi zamanı ağırlaşdırıcı hal hesab olunur. Başqa sözlə desək, cinayət məsuliyyətinə cəlb olunmaq üçün yaşı yetərli olmayan şəxslərin cinayətə cəlb edilməsi və ya onlardan istifadə olunması hüquqi baxımdan daha ağır qiymətləndirilir.
Bu məsələnin araşdırılması isə artıq birbaşa istintaq orqanlarının səlahiyyətinə aiddir. Yəni konkret fakt üzrə hansı hallar baş veribsə, onların hüquqi qiymətini də istintaq müəyyən edir.
Ümumilikdə isə demək olar ki, belə hallar ağırlaşdırıcı hal kimi nəzərə alınır. Digər tərəfdən, valideynlər mütləq şəkildə övladlarına diqqət yetirməlidirlər.
Onları tam sərbəst buraxmaq yox, amma müəyyən nəzarət altında saxlamaq vacibdir. Çünki nəticə etibarilə uşaqlar hansısa zərərli qruplaşmaların, şəbəkələrin və ya mənfi təsir dairələrinin üzvünə çevrilə bilərlər.
Nəticə olaraq onu da qeyd etmək lazımdır ki, indiki dövrdə heç bir valideyn bu cür risklərdən tam sığortalanmayıb. Ona görə də diqqət və nəzarət əsas şərtlərdən biridir".
13:00 20.04.2026
Oxunuş sayı: 226