Şahin Mustafayev: Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır
Bu gün Beynəlxalq Türk Akademiyası tərəfindən həyata keçirilən ən mühüm layihələrdən biri ortaq türk tarixinin akademik şəkildə yazılması layihəsidir.
Crossmedia.az xəbər verir ki, "Report"un məlumatına görə, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Bir əsrlik dil və kimlik: Bakı Türkoloji Qurultayından Türk inteqrasiyasına" mövzusunda təşkil olunan paneldə çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu məsələ ilk dəfə Birinci Türkoloji Qutultay çərçivəsində gündəmə gətirililib:
"Türk dillərində terminologiyanın formalaşdırılması məsələsi də həmin qurultayda ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. Bu istiqamətdə Türk Akademiyasının genişmiqyaslı layihələri mövcuddur. Müxtəlif sahələr üzrə terminoloji lüğətlər hazırlanır və nəşr olunur. Bu lüğətlər doqquz türk dilini, eləcə də ingilis və rus dillərində terminləri əhatə edir. Hazırlanan bu terminoloji lüğətlər gələcəkdə ortaq türk terminologiyasının formalaşmasına və inkişafına ciddi töhfə verəcək mühüm elmi baza rolunu oynayır".
"Türk dünyasında mövcud olan arxeoloji və memarlıq abidələrinin geniş inventarı hazırlanıb və artıq üçcildlik nəşr kimi təqdim olunub. Ümumilikdə, bu gün türkologiya sahəsində həyata keçirilən bir çox təşəbbüslər məhz Birinci Türkoloji Qutultay zamanı müzakirə edilmiş və formalaşmış ideyalara əsaslanır. Bu baxımdan, həmin qurultay türk dünyasının intellektual, mədəni və tarixi inkişafında son dərəcə mühüm rol oynamışdır", - Ş. Mustafayev bildirib.
13:05 19.04.2026
Oxunuş sayı: 61