Rusiya İrandan zənginləşdirilmiş uranın çıxarılmasına kömək etməyə hazırdır
Rusiya İrandan zənginləşdirilmiş uranın çıxarılmasına kömək etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “Rosatom” dövlət nüvə şirkətinin baş direktoru Aleksey Lixaçev bildirib ki, Moskva İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasına və daşınmasına texniki dəstək verməyə hazırdır.
Lixaçevin sözlərinə görə, ABŞ və İran arasında mümkün razılaşmada əsas məsələ yalnız texniki çətinliklər deyil, həm də qarşılıqlı etibardır. O vurğulayıb ki, Rusiya Tehranla bu sahədə müsbət əməkdaşlıq təcrübəsinə malikdir və 2015-ci ildə İranın xahişi ilə zənginləşdirilmiş uranın çıxarılmasında artıq iştirak edib.
Rosatom rəhbəri əlavə edib ki, Rusiya indi də oxşar formada yardım göstərməyə hazırdır.
Məlumata görə, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla razılaşmanın “çox yaxın” olduğunu və Tehranın təxminən 440 kiloqram yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razı olduğunu iddia edib.
10:45 19.04.2026
Oxunuş sayı: 55