Qafarova ilə Simonyanın görüşünü Bakı - İrəvan əlaqələrinin inkişafı baxımından nə vəd edir?
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlament sədri Alen Simonyan arasında keçirilən görüş Azərbaycanla Ermənistan arasında uzun illər davam edən gərginlik fonunda parlament diplomatiyasının önəmini bir daha gündəmə gətirib. Bu cür təmaslar təkcə protokol xarakterli görüş kimi yox, həm də sülh prosesinə yönəlmiş siyasi siqnal kimi qiymətləndirilir.
Hazırkı mərhələdə əsas sual ondan ibarətdir ki, bu görüşlər regionda formalaşan sülh gündəliyinin və balanslı siyasətin real nəticəsidirmi, yoxsa hələ ilkin etimad quruculuğu mərhələsinin tərkib hissəsidir? Digər tərəfdən, Ermənistanın üzərinə düşən məsuliyyəti tam şəkildə dərk edib-etmədiyi və bu məsuliyyətə uyğun siyasi davranış sərgiləyib-sərgiləmədiyi də müzakirə mövzusudur.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib: "Hazırkı dövrdə müxtəlif səviyyəli və müxtəlif formatlı təmasların, görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki birincisi, bu prosesdə müxtəlif müstəvilər mövcuddur. Parlamentlərarası münasibətlər isə xüsusilə vacib rol oynayır. Biz “sülh körpüsü” adlanan formatı da müşahidə etdik. Vətəndaş cəmiyyətlərinin nümayəndələri iki dəfə Ermənistanda Azərbaycan tərəfdən, iki dəfə isə Ermənistan tərəfi Azərbaycanda olub, son görüş isə Qəbələdə baş tutub. Hətta bu görüşlərdə Prezidentin köməkçisi, xarici siyasət sektoruna rəhbərlik edən Hikmət Hacıyev də iştirak edib. Bu isə onu göstərir ki, hər iki tərəfin həm hazırlığı, həm də istəyi mövcuddur və hazırda proses yalnız etimadın formalaşdırılması mərhələsindədir və getdikcə genişlənir. Ona görə də əsas vacib məsələ etimad mühitinin formalaşmasıdır. Parlament səviyyəsində keçirilən görüşlər də göstərir ki, artıq xalqın nümayəndələri bu prosesə cəlb olunurlar".
Politoloq əlavə edib ki, hazırda parlament sədrləri həm Azərbaycanda, həm də Ermənistanda xalq tərəfindən seçilmiş nümayəndələrdir və onlar cəmiyyətlərin mövqeyini bir-birinə çatdırırlar: "Bu isə böyük barışıq üçün şəraitin tədricən formalaşdığını göstərir və etimad mühitinə daha çox önəm verilməsini tələb edir. Etimad mühitinin formalaşması o deməkdir ki, cəmiyyətlərdə barışığa hazırlıq gücləndirilməli, bunun təməli möhkəmləndirilməlidir və bu istiqamətdə işlər daha da intensivləşdirilməlidir. Biz dəfələrlə Alen Simonyanın Ermənistan parlamentinin spikeri kimi verdiyi pozitiv və ümidverici bəyanatları eşitmişik. O, iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. İqtisadi əlaqələr isə özlüyündə bir növ təminat və zəmanət rolunu oynayır, çünki iqtisadi əsaslı münasibətlərdə tərəflər qarşılıqlı etimad əsasında birgə əməkdaşlığı genişləndirirlər. Azərbaycanın Ermənistan üçün tranzit xətlərinin açılması göstərir ki, biz artıq embarqo siyasətindən uzaqlaşırıq. Hazırda iki tərəf arasında qarşılıqlı məhdudiyyətlər mövcuddur və bu, sirr deyil. Lakin Azərbaycan bu məsələdə daha açıq və konstruktiv yanaşma nümayiş etdirərək, gələcəyə yönəlmiş addımlar atır və bağlı qapıların açılmasının vacibliyini göstərir. Ermənistanda isə müəyyən qüvvələr bu təmaslara şübhə ilə yanaşır və prosesə mənfi təsir göstərməyə çalışır. Lakin onların təsir imkanlarının məhdud olduğu bildirilir. Eyni zamanda hakim siyasi qüvvələrin və rəhbərliyin daha çox konstruktiv və pozitiv mövqe sərgilədiyi qeyd olunur. Bu proseslərin əsas məqsədi iki xalq arasında barışığın təmin olunmasıdır. Müxtəlif səviyyələrdə, o cümlədən informasiya və ictimai müstəvilərdə bu münasibətlərin gücləndirilməsi vacibdir. Çünki vaxt gözləmir — dünyada gərginliklər artır, mövcud münaqişələr davam edir və belə bir şəraitdə boşluqlara yol vermək olmaz. Bu səbəbdən bütün tərəflər çalışmalıdır ki, yaranan boşluqlar pozitiv əməkdaşlıq və ümidverici təşəbbüslərlə doldurulsun".
Ayhan
19:10 18.04.2026
Oxunuş sayı: 53