Beynəlxalq qurumlar Azərbaycanla həmrəy olmalıdır- RƏY
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında bərpa prosesini ləngidən ən böyük maneə kütləvi şəkildə basdırılmış minalardır. Bu qlobal təhlükəyə qarşı beynəlxalq təşkilatların göstərdiyi dəstək hazırda real ehtiyaclardan çox aşağı səviyyədədir. Azərbaycan hər zaman humanitar məsələlərdə dünya ölkələrinə yardım əlini uzatdığı kimi, indi də beynəlxalq birlikdən eyni həmrəyliyi və ədalətli yanaşmanı gözləyir. Mövcud çətinlikləri aradan qaldırmaq üçün yerli təşkilatların qlobal müstəvidə fəallığını artırması və xarici tərəfdaşları prosesə cəlb etməsi mühüm şərtdir. Məhz bu məqsədlə, mina probleminin şəhərlərin bərpasına təsirini müzakirə etmək üçün BMT-nin mənzil-qərargahında mühüm bir toplantı təşkil olunub, Azərbaycanın bu məsələdəki təcrübəsində danışılıb.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib.
"Müxtəlif platformalarda Azərbaycanın ən aktual problemlərindən biri olan minatəmizləmə barədə müxtəlifmiqyaslı tədbirlər keçirilib, genişmiqyaslı müzakirələr aparılıb. Amma bugünkü günə qədər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə dəstək miqyası çox cüzidir. İzləmə proseslərinin sürətləndirilməsi üçün müzakirələrin keçirilməsi real effekt vermir. Bu sahədə beynəlxalq təşkilatlar Azərbaycana öz dəstəyini artırmalıdırlar. Azərbaycan bütün beynəlxalq problemli məsələlərdə digər ölkələrə yardım göstərdiyi kimi, beynəlxalq təşkilatlar da Azərbaycandan öz yardımını, minatəmizləmə sahəsindəki dəstəyini əsirgəməməlidirlər. Problemin həlli üçün Azərbaycanda mövcud olan yerli təşkilatlar da öz fəaliyyətlərini beynəlxalq müstəvidə daha da gücləndirməlidirlər. Onlar Azərbaycanın qarşılaşdığı problemin həllində müxtəlif beynəlxalq təşkilatların bu prosesə dəstək məqsədilə cəlb olunması istiqamətində ciddi addımlar atmalıdırlar".-,deyə o, qeyd edib.
Turqut Ansari
18:46 18.04.2026
Oxunuş sayı: 56