AZAL hadisəsində yeni inkişaf - kompensasiya gündəmdə
Rusiya tərəfindən AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödənilməsi məsələsinin gündəmə gəlməsi regionda baş verən hadisələrin yeni mərhələyə keçdiyini göstərir.
Bu addım təkcə hüquqi məsuliyyətin qəbul edilməsi kimi deyil, eyni zamanda siyasi iradənin və diplomatik balansın nəticəsi kimi də qiymətləndirilə bilər.
Xüsusilə, Azərbaycanın son illərdə nümayiş etdirdiyi qətiyyətli mövqe və milli maraqlara əsaslanan siyasət fonunda bu qərarın təsadüfi olmadığı aydın görünür.
Bu kontekstdə sual yaranır: baş verənlər Azərbaycan iradəsinin bütövlüyünün və ardıcıl siyasətinin nəticəsidirmi? Və daha önəmlisi, bu hadisə Rusiya ilə münasibətlərin gələcəkdə normallaşmasına zəmin yarada biləcəkmi?
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Crossmedia.az-a açıqlama verib:

"Nə vaxtsa gec-tez bu qarşıdurma aradan götürülməlidir. İrəli getmək üçün artıq müəyyən şərait formalaşıb. Mən əminəm ki, təbii olaraq burada heç kim gözləmirdi ki, bu məsələlərə görə yenidən müharibə olsun.
Diplomatik baxımdan mühüm addımlar atılıb və bildiyimiz kimi, xalqlara uyğun şəkildə təzminat da ödəniləcəkdir.
Bu baxımdan hesab edirəm ki, məsələlər artıq öz həllini tapıb. Təbii ki, bunun nəticəsində, əminəm ki, Rusiya siyasi dairələri də gələcəkdə yaranacaq problemləri nəzərə alacaq. Bu səbəbdən artıq Azərbaycanın hüquqlarına hörmət edilməsinin zəruriliyi də, təbii ki, diqqətə alınacaqdır".
Ayhan
14:45 16.04.2026
Oxunuş sayı: 1666