Magistraturaya maraq niyə artır? – statistik göstəricilər və ekspert rəyi
Azərbaycanda magistratura təhsilinə maraq ildən-ilə artmaqda davam edir. Belə ki, magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün 23 mindən çox şəxsin ərizəsini təsdiqləməsi bu istiqamətdə diqqətçəkən göstəricilərdən biri hesab olunur.
Artan müraciət sayı həm gənclərin təhsilə olan marağını, həm də daha yüksək ixtisas səviyyəsinə yiyələnmək istəyini açıq şəkildə ortaya qoyur.
Bəs bu rəqəm əvvəlki illərlə müqayisədə nə dərəcədə qənaətbəxşdir və ümumi tendensiya bizə nə deyir?
Mövzu ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Crossmedia.az-a açıqlama verib:
"Magistratura qəbulunun ikinci cəhdində 23 min 78 nəfərin ərizəsini təsdiqləməsi həm kəmiyyət, həm də strateji baxımından müsbət və qənaətbəxş göstərici hesab oluna bilər. Bu rəqəm magistratura pilləsinə marağın stabil artımını, eyni zamanda bakalavrların qəbul şanslarını dəyərləndirmək istəyini və arzusunu əks etdirir.

Dinamik artım və müqayisəli statistikadan görünür ki, magistratura üzrə ümumi sənəd verənlərin, xüsusilə də ikinci cəhdə qatılanların sayında davamlı artım müşahidə olunur. Yəni bunu mövcud məlumatlar və statistika da təsdiq edir.
2026-cı ildə, yəni cari ildə birinci cəhətdə 22 min 777 nəfər, ikinci cəhətdə isə daha çox — 23 min 78 nəfər qeydiyyatdan keçmişdir ki, bu da qeyd olunan artımın bariz nümunəsidir.
Eyni zamanda, əvvəlki illərin statistikasına nəzər salsaq, görərik ki, 2026-cı ilin birinci cəhd imtahanında iştirak etməyənlərin və ya nəticələrini mütləq şəkildə yüksəltmək istəyənlərin ikinci cəhdə kütləvi şəkildə müraciət etməsi də bu dinamikanı izah edir. Söhbət 2026-cı ilin birinci və ikinci cəhd imtahanlarına müraciətdən gedir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ümumilikdə imtahanlarda 24 min 858 nəfər bakalavr iştirak etmişdir.
Həmin ildə ikinci cəhd üzrə qeydiyyatdan keçənlərin sayı bu rəqəmə xeyli yaxın olmuşdur. Daha əvvəlki dövrlərə baxdıqda isə görürük ki, məsələn, 2022-ci ilin may ayında ikinci cəhd üçün cəmi 8107 bakalavr qeydiyyatdan keçmişdir.
Bu müqayisə onu göstərir ki, son 4 ildə ikinci cəhdə maraq təxminən 3 dəfə artmışdır və bunu rəqəmlər açıq şəkildə təsdiqləyir.
Bu ilin qeydiyyat göstəriciləri, yəni təqdim olunan statistika, namizədlərin seçimlərindəki prioritetləri də aydın şəkildə göstərir. Ən çox seçim edilən istiqamət ingilis dili üzrədir — 19 min 948 nəfər, yəni təxminən 20 minə yaxın namizəd bu istiqaməti seçmişdir.
Bu isə beynəlxalq proqramlara inteqrasiya və müasir əmək bazarının tələblərinə uyğunlaşma cəhdinin göstəricisidir".
Ekspert qeyd edib ki, ingilis dili üzrə magistratura proqramları artıq universitetlərdə oturuşmuş və tələb olunan istiqamətə çevrilmişdir:
"Bununla yanaşı, qeydiyyatdan keçənlərin böyük əksəriyyəti — təxminən 21 mindən çox namizəd Azərbaycan bölməsi üzrə təhsil almağa üstünlük vermişdir. Bu da öz növbəsində təhsilin əlçatanlığı, dil faktoru və daxili bazarın tələbləri ilə izah oluna bilər.
Namizədlərin sayının artması yüksək rəqabət mühitinin formalaşmasına səbəb olur. Bu isə həm təhsilin keyfiyyəti, həm də kəmiyyəti baxımından müsbət təsir göstərir. Rəqabətin artması daha güclü, daha bilikli, bacarıqlı və hazırlıqlı bakalavrların magistratura pilləsinə qəbul olunmasına şərait yaradır.
Eyni zamanda, son 5 ildə magistraturaya qəbul olunanların sayının 37 faiz artması və plan yerlərinin kifayət qədər geniş olması onu deməyə əsas verir ki, 23 minlik müraciət sayı mövcud plan yerlərinin yüksək rəqabət şəraitində dolacağını göstərir. Bu, təbii ki, ümumi mənzərəni daha aydın şəkildə ortaya qoyur.
23 mindən çox müraciət Azərbaycanda magistratura təhsilinə olan tələbin və marağın yüksək səviyyəyə çatdığını göstərir.
Eyni zamanda, bakalavr pilləsində təhsil alan gənclərin magistratura mərhələsinə daha ciddi və planlı şəkildə yanaşdıqlarını deməyə əsas verir.
Bütövlükdə bu göstəriciləri müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu tendensiya kifayət qədər qənaətbəxşdir. Bu, ölkəmizdə gənclərin təhsilə olan marağını, oxumaq arzusunu və daha keyfiyyətli kadr kimi gələcəkdə əmək bazarında özlərini reallaşdırmaq istəklərini açıq şəkildə nümayiş etdirir.
Bu baxımdan gənclərimizin bu istəyini yüksək qiymətləndirirəm. Çünki təhsil hər bir ölkənin, o cümlədən bizim ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin edən əsas faktorlardan biridir. Bu dinamika onu göstərir ki, gələcəkdə ölkəmizdə kadr potensialının artması istiqamətində müsbət nəticələr əldə olunacaq.
Həmin kadrlar isə yaxın perspektivdə dövlətimiz üçün faydalı, bilikli və peşəkar mütəxəssislər kimi əmək bazarında yer alacaq, rəqabəti gücləndirəcək və ümumilikdə ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir".
Ayhan
12:50 16.04.2026
Oxunuş sayı: 742