Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək
Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya verəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Atılan addımlar müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tərəflərin ortaq səylərini nümayiş etdirir.
Əminik ki, Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması əsasında davamlı inkişafı bundan sonra da mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Təyyarə qəzası nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir və faciədən zərər çəkmiş hər kəslə bu əvəzolunmaz itkinin ağrı-acısını bölüşürük.
16:10 15.04.2026
Oxunuş sayı: 53